Gömrükdə yarım ton narkotik vasitə aşkarlanıb – VİDEO
918 dəfə baxılıb
Avtomobil stasionar-rentgen qurğusundan keçirilib.
Azərbaycan gömrükçüləri əməliyyat məlumatı əsasında külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçirilməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.
“Sələf Xəbər” Oxu.Az-a istinadən bildirir ki, Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşı Tağıyev Hacıbala Əliməmməd oğlu idarə etdiyi DAF markalı 90 ZV 438/99 ZC 154 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycandan “tranzit” qaydada keçməklə tranzit yük gömrük bəyannaməsi ilə bəyan edilən 17 800 kq çəkidə “kişmiş” yükünü İran İslam Respublikasından Ukraynaya apararkən həmin nəqliyyat vasitəsi Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun terminalındakı “HCVC 6032” markalı stasionar-rentgen qurğusundan keçirilib.
Bu zaman “kişmiş” yükünün arasında əks olunmuş görüntüdəki qaraltılar şübhə doğurduğundan yükə fiziki baxış keçirilməsi qərara alınıb.
Avtomaşının yük yerinə keçirilib, baxış zamanı orada olan 1 800 ədəd “kişmiş” yüklü karton qutuların arasında yük yerinin orta hissəsindəki 114 ədədinin daxilində kişmişlərin altında sellofan paketə qablaşdırılıb, üzərilərinə qırmızı istiot səpələnib, dördkünc formalı bağlamalarda ağ, sarımtıl rəngli, spesifik qoxuya malik narkotik maddə olan heroin aşkar olunub.
Daha sonra həmin bağlamalar hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 486 kq 698,88 qram olduğu məlum olub.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Şərab da (sərxoşedicilər də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (Qurani-Kərim, “Maidə” surəsi, 90-cı ayə)
Sərxoşedici – ağlı sərxoş edən və örtən, yemək, içmək, narkotiklər kimi qoxu və iynə yolu ilə qəbul edilən hər bir maddədir. İslam – müdriklik və ədalət dinidir və insana yalnız xeyir verən şeyləri əmr edir və yalnız ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir. Eyni zamanda narkotik asılılıq əmələ gətirdiyinə görə insan onu almaq üçün malını israf edir, hətta o yerə çatır ki, narkotik əldə etmək üçün insan hər yola (aldatma, oğurluq, qətl) əl atır.
Uca Allahının sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 5-ci ayə)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sərxoş edən hər şey (maddə və s.), çox miqdarı da, az miqdarı da haramdır!” (Tirmizi, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir.)