Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Göygöl Milli Parkı istifadəyə verilib

Avqust 11
16:12 2015

Göygöl Milli Parkında turistlərin girişinə qoyulmuş məhdudiyyətlər aradan götürülüb.

“Sələf Xəbər” Azvision.az-a istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Əraziləri Departamentinin direktoru Hikmət Əlizadə deyib.

H.Əlizadə bildirib ki, yaradıldığı vaxtdan (1 aprel, 2008-ci il) Göygöl Milli Parkında Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətin mühafizəsini təşkil edib: “Göygöl müəyyən vaxtlarda atropoqen təsirə, istismara məruz qalmışdı. Əraziyə daxil olan bəzi vətəndaşlar gölü çirkləndirir, ağacları qırırdılar. Bununla əlaqədar təbiətin bərpası üçün ora turistlərin girişinə məhdudiyyət qoyulmuşdu”.

H.Əlizadə qeyd edib ki, Göygöl Milli Parkına giriş məhdudiyyətlə açılıb: “Turistlər ərazidə yalnız müəyyən marşrutlar üzrə, müəyyən istiqamətlər üzrə hərəkət edə bilər, əlavə olaraq müəyyən yerlərdən istirahət etmək üçün istifadə edə bilərlər”.

Şöbə rəisi deyib ki, Göygöl Milli Parkını çirkləndirən turistlərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq böyük məbləğdə cərimələr tətbiq olunacaq:

“Ərazi vətəndaşların çirkləndirməməsi üçün tam nəzarətə götürülüb. Müxtəlif yerlərdə zibil qutusu quraşdırılıb, Milli Parkın ərazisinə daxil olan turist qruplarına pulsuz zibil torbası verilməsi nəzərdə tutulub”.

Hikmət Əlizadə Milli Parkın ərazisinə yollanan turistlərə Azərbaycanın simvollarından olan Göygölü mühafizə etmək, onu qorumaq və ərazini çirkləndirməməyə çağırış edib.

Biz də öz adımızdan Göygöl Milli Parkını ziyarət edəcək vətəndaşlarımızdan təbiətə qarşı diqqətli olmağı xahiş edirik, çünki ən azından Göygöl Azərbaycan təbiətinin mirvarisidir və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.

Sələf Xəbər: Dində müəyyən qızıl qaydalar (qəvaid fiqhiyyə) vardır ki, islamın bir çox prinsiplərini özündə ehtiva edir. Bu qaydalardan biri də Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədisinə əsaslanan “Zərər verməkdə yox, zərər almaqda yox!” qaydasıdır.

Bu qayda həyatın bütün sahələrinə aid olub, ətraf mühitin qorunmasına da şamil edilir. Çünki ətraf mühit çirkləndikcə bizim səhhətimiz korlanır, başqa sözlə, ya zərər vuranlardan, ya da zərərə uğrayanlardan oluruq.

Hava, su və torpağın çirklənməsi, səhralaşma proseslərini gücləndirən amillərin hamısı bəşəriyyətdə qida qıtlığına, müxtəlif bilinən və bilinməyən xəstəliklərin yaranması və yayılmasına, heyvanların və bitkilərin bəzi növlərinin kökünün kəsilməsinə, iqlim dəyişikliklərinə gətirib çıxarır.

Ətraf mühitə vurulan ziyan o qədər böyük ola bilər ki, bu hətta “Nisa” surəsindəki qadağaya belə şamil edilə bilər. Allah Subhanahu və Təala bu ayədə şeytanın insana nə əmr etdiyini göstərərək bundan uzaq olmağı əmr edir: “Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” (Qurani-Kərim, “Nisa” surəsi, 119-cu ayə)

Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir.

Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır. Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Biz insanların verilən bu nemətin qədrini bilməyimiz vacibdir. Nemətdən düzgün istifadə etməmək onun azalmasına və ya tamamilə məhv olmasına gətirib çıxarır. Məsələ bununla da bitmir. Rəbbin nemətinə nankor olanlar Onun qəzəbinə düçar olar.

Uca Allah buyurur: “Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 211-ci ayə)

Dinimiz nəyinki ətraf mühiti qorumağı buyurur, əksinə onu daha da yaxşılaşdırmağı insanlara tövsiyə edir.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Bir müsəlman ağac və ya bitki əkib becərər, onu quş, insan və ya heyvan yeyərsə, bu becərən kimsənin sədəqəsi sayılar”. (Buxari və Müslim)

Uca Allahdan bizim bu gözəl ölkəmizi, bizlərə bəxş etdiyi bu gözəl təbiəti qorumağı diləyirik. Amin!

Digər xəbərlər