Həcc ziyarətinə qeydiyyat sona çatır
784 dəfə baxılıb
Həcc ziyarəti üçün ayrılmış 2400 yerlik kvota tam dolmayıb.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlara müraciət edib.
“Sələf Xəbər” Oxu.Az-a istinadən bildirir ki, QMİ-dən verilən məlumata görə, müraciət ziyarət üçün sənəd qəbulunun vaxtı ilə bağlıdır.
İdarədən bildiriblər ki, sənəd qəbulu avqustun 20-də yekunlaşacaq.
QMİ-dən onu da əlavə ediblər ki, hələlik Həcc ziyarəti üçün ayrılmış 2400 yerlik kvota tam dolmayıb.
Qeyd edək ki, sənəd qəbuluna fevralın 20-dən başlanılıb. Bu il Azərbaycandan Həcc ziyarətinə səfər sentyabrın 11-də başlayacaq. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur.
Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır.
Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır.
Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır.
Sələf Xəbər: Uca Allah buyurur: “Allah üçün həcc və ümrəni tam yerinə yetirin”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 196-cı ayə)