İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Şeyx Zayed məscidi kompleksini ziyarət edib – FOTO və VİDEO
1. 236 dəfə baxılıb
Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Abu Dabidə Şeyx Zayed məscidi kompleksini ziyarət edib.
“Sələf Xəbər”in AZƏRTAC-a istinadən məlumatına görə, dövlətimizin başçısına məlumat verildi ki, məscid Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın təşəbbüsü ilə inşa edilib. Onun məzarı da buradadır.
Prezident İlham Əliyev Şeyx Zayed bin Sultan Əl Nəhyanın məzarını ziyarət edib.
Şeyx Zayed məscidi ölkənin ən böyük məscidi hesab edilir. Cümə və bayram namazlarında buraya gələnlərin sayının 40 min nəfərə çatdığı bildirilir. Məscidin nadir elementlərindən biri də əsas ibadət otağının xalçasıdır. Bu xalça dünyanın ən böyük xalçası sayılır. Ümumi sahəsi 5627 kvadratmetr olan xalçanın çəkisi 35 tondur. Məscid kompleksinin kitabxanasında İslam dininə aid bir sıra klassik nəşrlər, 200 ildən çox yaşı olan sikkələr, xəttatlıq nümunələri var.
Məscidlə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev məscidin xatirə kitabına ürək sözlərini yazıb.
Sələf Xəbər: Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci isə – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsi”. (“Cümə xütbələrinin toplusu”)