Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Şeyxülislamın iftar süfrəsində

İyul 13
14:34 2015

Azərbaycan prezidenti (Allah onu İslam üzərində sabit etsin) müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib.

İyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə mərasimdə çıxış edərək Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, bunun İslam dininə ehtiram və milli mənəvi dəyərlərə verilən yüksək qiymət olduğunu vurğulayıb. Şeyxülislam Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin bəhrəsi olduğunu və bu siyasəti prezident İlham Əliyevin də uğurla davam etdirdiyini bildirib. Ölkənin beynəlxalq imicinin daha da möhkəmləndiyini vurğulayan şeyxülislam respublikada gedən sürətli sosial-iqtisadi inkişafı və nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini deyib. Bu yaxınlarda ölkənin ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının yüksək səviyyədə keçdiyini qeyd edən şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda milli mənəvi dəyərlərin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xüsusi xidmətlərini diqqətə çatdırıb. Birinci Avropa Oyunlarının açılış mərasimində onun “Qoy, Tanrı bizi qorusun” deməsini mənəviyyatın təntənəsi adlandırıb.

Mərasimdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təbriklərini çatdırıb, xalqımıza sülh və xoşbəxtlik arzulayıb. Hər il gözəl ənənəyə çevrilən iftar mərasimini ölkəmizdəki din-dövlət münasibətlərinin təzahürü adlandıran dövlət başçısı əsası Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin müstəqillik dayaqlarımızı daha da möhkəmləndirdiyini bildirib.

“Azərbaycanda düşünülmüş siyasət, xalqla iqtidar arasında möhkəm birlik var və bu, bizim uğurumuzdur”, – deyən prezident İlham Əliyev yalnız müstəqillik dövründə ölkəmizin bütün uğurlara nail olduğunu diqqətə çatdırıb. Son dövrlərdə bəzi ölkələrdə milli və dini zəmində qarşıdurmaların, müharibələrin, toqquşmaların baş verdiyini deyən prezident İlham Əliyev bütün bunların Azərbaycana təsir etmədiyini bildirib.

“Azərbaycanın gələcəyi parlaqdır və bizim uğurlarımıza heç bir qüvvə təsir edə bilməz”, – deyən prezident İlham Əliyev bir daha qarşıdan gələn Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını və xalqımızı təbrik edib.

Sonda şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevə milli mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə bir daha minnətdarlıq edib.

Sonra iftar süfrəsi açılıb.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salam olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)

Digər xəbərlər