Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qorusun): “Ərazi bütövlüyümüz bərpa ediləcək”

May 03
15:11 2016

“Ərazi bütövlüyü hər bir ölkə üçün əsas prinsipdir. Bizim ərazi bütövlüyümüz toxunulmazdır, bərpa olunmalıdır, bərpa ediləcək. Yaxşı olardı ki, bu, danışıqlar yolu ilə olsun. Biz buna çalışırıq. Hesab edirəm ki, danışıqlar masasında bizim mövqeyimiz indi daha da möhkəmdir. Bu gözəl vəziyyəti yaradan şanlı Ordumuza eşq olsun! Ordumuzun sizin kimi əsgərləri var, öz yerindən tərpənmirlər. Baxmayaraq ki, başınızın üstündən mərmilər uçur, evlər dağılır, insanlar həlak olur, yaralanır, siz burada durmusunuz, möhkəm də duracaqsınız”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun təmas xəttində yerləşən Mahrızlı kəndində yerli əhali ilə görüşü zamanı deyib.

“Mən gəlmişəm ki, bu ağır günlərdə sizinlə bərabər olum, sizə öz dəstəyimi, hörmətimi, məhəbbətimi ifadə edim. Bilirsiniz ki, aprel ayının əvvəlində Ermənistanın silahlı təxribatı nəticəsində bizim mövqelərimizə hücum çəkildi, biz şəhid verdik, o cümlədən mülki əhali arasında həlak olanlar olub. Ermənistan görəndə ki, təmas xəttində, döyüşdə məğlub olur, bax, bu çirkin əməllərə əl atır. Yenə də mülki əhalini hədəfə götürür, necə ki 1990-cı illərin əvvəllərində. O vaxt da mülki əhali ilə müharibə aparırdı. Əliyalın əhali ilə müharibə aparmaq böyük hərbi cinayətdir. Ancaq Azərbaycan Ordusu onlara layiqli cavab verdi, yerinə oturtdu. Təmas xəttində tam üstünlük əldə etmişik. Bu gün hərbi hissədə olarkən hərbçilər mənə bir daha məruzə etdilər. Gedən döyüşlərlə, indiki vəziyyətlə bağlı, əlbəttə ki, məlumatım var. Qəhrəman Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, Vətəni ləyaqətlə qoruyur, düşmənə layiqli cavab verir. Əgər bir daha bizə qarşı təxribat, o cümlədən silahlı təxribat törədilərsə, yenə də Azərbaycan Ordusu öz sözünü deyəcək”, – deyə o vurğulayıb.

Azərbaycan prezidenti qeyd edib ki, burada dağılmış evlər erməni faşizminin təzahürüdür: “Görün, bu evləri nə günə qoyublar. Orada yaşayanlar, onlar necə olacaqlar? Onlara əlbəttə ki, Azərbaycan dövləti öz dəstəyini göstərəcək. İndi komissiya işləyir, aktlaşma gedir. Bütün dəymiş ziyan qeydə alınır və Azərbaycan dövləti bu evlərin bərpası, tamamilə dağılmış evlərin tikintisi üçün vəsait ayıracaq. Mən onu təşkil edəcəyəm, siz narahat olmayın, bütün dəymiş ziyana kompensasiya veriləcək və dağılmış evlər bərpa olunacaq, yenidən tikiləcək. Tərtər və Ağdam rayonlarında 500-dən çox evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb. Budur, erməni faşizminin eybəcər sifəti. Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır, aparmır və aparmayacaq. Ancaq Ermənistan, görün hansı çirkin işlərlə məşğuldur.

Bu yaxınlarda buraya bir qrup xarici jurnalist ezam olunub. Onlar bütün bu dağıntıları gördülər, çəkdilər, lentə aldılar. Bu, sənəddir və bu sənəd əsasında biz hüquqi müstəvidə öz addımlarımızı atacağıq. Azərbaycan Ordusu Azərbaycanı, Azərbaycan vətəndaşlarını qoruyur. Siz, düşmənlə üz-üzə yerləşən kəndlərdə yaşayan insanlar böyük cəsarət nümayiş etdirirsiniz. Sizin yaşamağınız, fəaliyyətiniz, öz torpağınıza bağlılığınız hər bir vətəndaş üçün bir nümunə olmalıdır. Düşməndən qorxmadan burada öz torpağınızda yaşayın. Biz öz torpağımızda yaşayırıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, heç vaxt torpaq iddiasında olmamışıq. Ancaq imkan verə bilmərik ki, bizim torpaqlarımız işğal altında qalsın”.

Dövlət başçısı işğala son qoyulacağına, Ağdam və digər rayonların tamamilə azad olunacağına əminliyini ifadə edib: “Çünki bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə tam üstünlük əldə edib. Aprelin əvvəlində Ermənistan tərəfindən bizə qarşı törədilən silahlı təxribatın qarşısını alan Azərbaycan Ordusu bir daha gücünü göstərdi. Düşmən layiqli cavabını aldı və əminəm ki, bundan sonra özü üçün lazımi nəticələr çıxaracaq. Biz indi güclü mövqedəyik. Bizim işimiz haqq işidir. Beynəlxalq hüququn bütün norma və prinsipləri bizim mövqeyimizi dəstəkləyir. Artıq bütün dünya bilir ki, bizim torpaqlarımız işğal altındadır. Əgər müstəqilliyimizin ilk illərində erməni lobbisi və satılmış ermənipərəst dünya siyasətçiləri tərəfindən münaqişə ilə bağlı təhrif olunmuş fikir var idisə, bu, artıq yoxdur. Artıq hamı bilir, sənədlər var, sübutlar var. Biz siyasi və diplomatik sahələrdə böyük iş aparmışıq, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini məlumatlandırmışıq. İndi hamı bilir ki, Azərbaycan torpaqları işğal edilib. Artıq bu məsələ ilə məşğul olan vasitəçilər də deyirlər ki, bu vəziyyət dözülməzdir. Biz bunu iyirmi ildən çoxdur ki, deyirik. Vəziyyət dəyişib. Təmas xətti artıq əvvəlki təmas xətti deyil. Bunu hamı bilir”.

Sələf Xəbər: Uca Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi qaytarmaqda bizə yardımçı olsun… Amin!

Digər xəbərlər