İlham Əliyev (Allah onu qorusun): “Heç bir ölkə qarşısında öhdəlik götürməmişik”
884 dəfə baxılıb
“Əgər kimsə hesab edir ki, Azərbaycanı nəyə isə təhrik etmək, sövq etmək, məcbur etmək mümkündür, səhv edir və bu səhv siyasətindən əl çəkməlidir”.
“İki gün əvvəl qədim türk torpağı olan Qars şəhərində start verdiyimiz TANAP layihəsi tarixi layihədir. TANAP layihəsi “Cənub” qaz dəhlizinin bir hissəsidir, önəmli hissəsidir”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) çıxışında deyib.
Dövlət başçısı “Cənub” qaz dəhlizinin dörd hissədən ibarət olduğunu bildirib: ““Şahdəniz” yatağı, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP. Azərbaycan bütün bu layihələrdə fəal iştirakçıdır və bu gün biz yeni reallığı yaradırıq. Çünki enerji təhlükəsizliyi bu gün milli təhlükəsizlik qədər önəmlidir. Heç bir ölkə öz milli təhlükəsizliyini enerji təhlükəsizliyini təmin etmədən sığortalaya bilməz. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib. Görün, Azərbaycan qazı bu gün Avropa üçün, Avrasiya üçün, bu bölgə üçün nə qədər böyük əhəmiyyət daşıyır. Yəni yeni enerji xəritəsi yaradılır. Bunu biz yaradırıq, öz tərəfdaşlarımızla birlikdə. Ona görə təbii ki, görülən bu işlər Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq və bizim gücümüzü də artıracaq, təsir imkanlarımız da artacaq. Bu gün bölgədə nə iqtisadi, nə siyasi, nə başqa sahələrdə heç bir layihə bizim razılığımız olmadan icra edilə bilməz. Bunu yaxın tarix göstərib”.
Prezident İlham Əliyev Azərbaycanın bu gün bölgənin aparıcı ölkələrindən biri, yürütdüyü siyasətinin isə ədalətli siyasət olduğunu qeyd edib: “Biz bütün ölkələrlə bərabərhüquqlu, qonşularla mehriban münasibətlərin tərəfdarıyıq. Biz bərabərliyin tərəfdarıyıq. Biz hesab edirik ki, dünyada böyük-kiçik ölkə anlayışı olmamalıdır. Bütün ölkələr bərabər hüquqa malikdir. Ona görə biz bütün ölkələrlə öz siyasətimizi bu prinsiplər əsasında qururuq. Heç bir ölkə qarşısında öhdəlik götürməmişik və bu, mümkün deyil. Beynəlxalq təşkilatlarda ki, biz üzvük, o öhdəlikləri biz yerinə yetiririk, onlara hörmətlə yanaşırıq, vəssalam. Bizim başqa heç bir öhdəliyimiz yoxdur. Əgər kimsə hesab edir ki, Azərbaycanı nəyə isə təhrik etmək, sövq etmək, məcbur etmək mümkündür, səhv edir və bu səhv siyasətindən əl çəkməlidir. Son illərin tarixi bunu göstərir. Biz öz yolumuzla gedirik. Bu yol tərəqqi, inkişaf yoludur. Bu yol azadlıq-müstəqillik yoludur və biz bu uğurları bu yolda əldə etmişik”.
Sələf Xəbər: Ölkəmizə bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!