İlham Əliyev (Allah onu qorusun): “Qurbanlarımızın qanını yerdə qoymuruq”
855 dəfə baxılıb
“Bizə qarşı aparılan işğalçı siyasət, xalqımıza qarşı törədilən Xocalı soyqırımı məhz erməni faşizminin təzahürüdür”.
“Sələf Xəbər” Yenicag.az-a istinadən xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev (Allah onu qorusun) ötən gün Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışı zamanı bildirib.
Prezident qeyd edib ki, əfsuslar olsun ki, Azərbaycan xalqı da XX əsrin sonlarında faşizm ideologiyasının nəticəsi olan Qarabağ fəlakəti, işğalı ilə üzləşmişdir.
“Bu gün dünyada erməni faşizmi haqqında kifayət qədər sənədlər, kitablar, məqalələr dərc edilir. Erməni faşizmini ifşa etmək üçün əsas yükü biz öz üzərimizə götürmüşük. Günahsız insanlar, qadınlar, uşaqlar ona görə öldürülürdü ki, onlar azərbaycanlıdır. Biz erməni faşizminə qarşı mübarizə aparırıq və qurbanlarımızın qanını yerdə qoymuruq. Biz lazımi tədbirləri görürük və görəcəyik ki, faşistləri layiqincə cəzalandıraq. Azərbaycan Ordusu indi bütün lazımi tədbirləri görür. Eyni zamanda, Ermənistanda Hitlerə qulluq edən faşistlərin xatirəsinə hörmət göstərilir, onların adları küçələrə, meydanlara, parklara verilir. Siz veteranlar bir neçə ölkənin dövlət başçısına məktubla müraciət etmisiniz, erməni faşizmi haqqında yazmısınız, Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması haqqında yazmısınız. Mən bunu alqışlayıram. Bunu hər kəs bilməlidir. Bu, dözülməzdir”.
Ölkə başçısı qeyd edib ki, Azərbaycanın həm İkinci Dünya müharibəsindəki rolu, həm bu gün bizim mövqeyimiz haqqında dünya bilir və bilməlidir.
“Bəzi ölkələr indi tarixi həqiqətləri danmaq istəyirlər. Bir daha demək istəyirəm ki, tarixi təhrif etmək, faşizmi kommunizmlə bərabərləşdirmək istəyirlər. Bu, dözülməzdir”.
Sələf Xəbər: Uca Allahdan xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!