İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Alimlərimizi dəyərli təkliflərini verməyə çağırıram”
953 dəfə baxılıb
“Yeni təhdidlər və təhlükələrin mövcud olduğu dünyada hər bir ölkənin öz resurslarına arxalanması vacibdir”.
“Azərbaycan Milli Elmlər Akademiyası 70 il ərzində uğurlu yol keçib. Alimlərimiz araşdırmaları ilə Azərbaycanın inkişafına töhfə verib, alimlərimizin sayəsində ən müxtəlif sahələrdə müasir texnologiyalar tətbiq edilib”.
“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 ili ilə əlaqədar çıxış edən prezident İlham Əliyev (Allah onu qüvvətləndirsin) söyləyib.
Dövlət başçısı deyib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində AMEA-ya münasibət yaxşı olmayıb: “Azərbaycanın o vaxtkı rəhbərliyi qurumun fəaliyyətinə ehtiyac olmadığı qənaətində idi. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra elmə və elm adamlarına yüksək dəyər verildi, bu gün də bu sahə prioritet istiqamətlərdən biridir. Son illər ərzində AMEA-nın maddi-texniki bazası möhkəmlənib, bu gözəl bina əsaslı təmir edilib, AMEA-nın institutlarının binalarının təmirinə vəsait ayrılıb, elmi kitabxana kompleksi yaradılıb, Şamaxı Astrofizika Rəsədxanası əsaslı təmir edilib, Milli Ensiklopediya üçün gözəl bina tikilib. Bütün bunlar Azərbaycan dövlətinin siyasətini ifadə edir. Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla bərabər, elmin inkişafı üzrə milli strategiya və dövlət proqramı 6 ildir ki, qəbul edilib və icra edilir. Elmin İnkişaf Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu həm imkan verir ki, gənc alimlərə həm qrantlar verilsin, elmi araşdırmalar aparılsın və ümumiyyətlə, Fond elmin inkişafına müsbət təsir göstərir”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın tərəqqisində alimlərin mühüm rolu var: “Yeni təhdidlər və təhlükələrin mövcud olduğu dünyada hər bir ölkənin öz resurslarına arxalanması vacibdir. Dünyada sabitlik, sülh, əmin-amanlıq adası olan Azərbaycan da son illər neft-qaz amilindən asılılığını azaltmağa çalışır və buna nail olur. Əminəm ki, gələcək illərdə də ölkəmizin inkişafı davam edəcək. Növbəti illərdə də iqtisadi inkişafı dayanıqlı etmək istiqamətində çalışacağıq, heç kəsdən asılı olmamaq üçün öz daxili resurslarımızdan istifadə edəcəyik. Mən dünyadakı yeni vəziyyətlə əlaqədar alimlərimizi dəyərli təkliflərini verməyə çağırıram. Demoqrafik inkişaf əsas götürərək alimlərimiz indidən yeni strategiya üzərində işləməlidirlər. Sənaye və kənd təsərrüfatı sahələri bizim gələcək inkişafımızı təmin edəcək. Kosmik sənayedə əməkdaşlıq dərinləşməlidir”.
Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın…” (Qurani-Kərim, “Mücadilə” surəsi, 11-ci ayə)
“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi və ya ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman, həmçinin Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir”. (Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından, 77/12)