İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Avropada islamofobiya, irqçilik, ksenofobiya siyasəti aparılır”
933 dəfə baxılıb
“Bu qətnamə mənim üçün kağız parçasından artıq deyil, buna əhəmiyyət vermirəm”.
“Azərbaycan parlamentinin dünənki qərarının səbəblərini bilirsiniz. Bir neçə gün əvvəl Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul edib. Bu qətnamə əsassızdır, yalan, böhtan üzərində qurulmuş siyasi təxribatdır. Biz bunun arxasında hansı qüvvələrin dayandığını bilirik”.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) Çex Respublikasının Prezidenti Miloş Zemanla keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, həmin qüvvələr indiyə kimi də Azərbaycana qarşı dəfələrlə böhtanlar irəli sürüblər:
“Onlar bununla inkişaf edən, müasir, özünün müstəqil siyasəti olan Azərbaycanın imicinə kölgə salmağa çalışırlar. Burada erməni lobbisinin rolunu da görürük. Avropanın hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbisinin üzvləri arasında əlaqələri araşdırsalar, yaxşı olar. Həmin qətnamənin təşəbbüskarı olan bəzi deputatlar bu vaxta qədər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfərlər ediblər. Beləliklə, Azərbaycan qanunlarını kobud şəkildə pozublar. Avropa məkanında, Avropa Parlamentində anti-Azərbaycan qruplaşması yaranıb. Bu qruplaşma əlindən gələni etməyə çalışır ki, Azərbaycanı gözdən salsın, imicini ləkələsin. Şəxsən bir prezident kimi, bu qətnamə mənim üçün kağız parçasından artıq deyil. Buna əhəmiyyət vermirəm. Bunu əlbəttə ki, pisləyirəm. Lakin bu qətnamə bizə heç bir təsir etməyəcək. Azərbaycanı özünə ram etmək istəyən xarici dairələrə demək istəyirəm ki, sizin səyləriniz əbəsdir. Azərbaycan öz milli maraqları çərçivəsində siyasət aparır. Şantaj və ya digər yollarla heç kəs Azərbaycana təsir edə bilməz. O ki qaldı Azərbaycan parlamentinin reaksiyasına, bu reaksiya gözlənilən idi. O, müstəqil qurum kimi öz rəyini ifadə edir. Deputatlar çıxışlarında öz fikirlərini ifadə etdilər. Onların çıxışlarında həqiqətdən başqa heç nə yoxdur. Kimisə ittiham etmədən əvvəl özün güzgüyə bax. Dünyanın gözü qarşısında Orta Şərqdən Avropaya pənah aparan qaçqınlar var. Bu insanlar xarici müdaxilələrin qurbanlarıdır. Onların ölkələri dağıdılıb, ərazi bütövlüyü pozulub. Yüz minlərlə insanı məhv ediblər. Milyonlarla insan yaxınlarını itirib. Bu vəziyyətə dözə bilməyən insanlar Avropaya üz tutub. Bu gün Avropada islamofobiya, irqçilik ksenofobiya siyasəti aparılır. Avropa yaxşısı budur, həmin problemlərlə məşğul olsun. Avropada Avropa dəyərlərinin sarsıdılması prosesi gedir. Avropa həmişə bizim bölgədə mütərəqqi, müasir, tolerant məkan kimi görünürdü. Təəssüf ki, biz aqressiya, başqalarının işinə müdaxilə görürük. Onlar tolerantlıqlarını itirirlər. Tolerantlığı itirən dairələr əfsuslar olsun ki, Avropa Parlamentində və digər qurumlarda hökmranlıq edir. Azərbaycan parlamentinin qərarı tam əsaslıdır. Avronest amorf quruma çevrilib, heç bir fəaliyyət aparmır. Azərbaycan Avronest ilə əməkdaşlığı dayandırıb. Bu, Azərbaycanın suveren qərarıdır. AP ilə Azərbaycan parlamenti arasında əməkdaşlıq artıq dayandırılıb. Bu, Azərbaycana qarşı çirkin əsassız kampaniyanın nəticəsində baş verib. Azərbaycan hər bir addıma adekvat cavab verib və bundan sonra verəcək”.
Sələf Xəbər: Təəssüf ki, “söz azadlığı” prinsipinə əsaslanaraq, Qərbdəki bir çox hökumətlər İslama və müsəlmanlara münasibətdə nifrətin və təhqirlərin yayılmasına mane olmur. Lakin haqlı olaraq bir sual yaranır: niyə Qərb “söz azadlığı” prinsipini antisemitizmin təzahürlərinə dair tətbiq etmir? Axı məlumdur ki, antisemitizm və Xolokostun inkar edilməsi bir çox Qərb ölkəsində təqib edilən cinayətkar fəaliyyət hesab olunur.
Beləliklə, “söz azadlığı” prinsipinin mövcudluğuna baxmayaraq, bu ölkələrin qanunları sayı bütün dünya üzrə 15 milyonu keçməyən dini icmanı müdafiə edir və onları təhqir edən və hissiyyatlarına toxunanları cəzalandırır. Bəs niyə milyard yarımdan artıq olan müsəlman icmasının təhqir edilməsi haqqında söhbət getdikdə, dərhal “söz azadlığı” prinsipi yada düşür? Məgər bu ədalətdir?
Bizim dinimizə gəlincə isə, İslam antisemitizmi qadağan edir. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd)Uca Allahdan müsəlmanlara səbir verməsini və İslamı pisləyənləri cəzalandırmasını istəyirik.