İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”
931 dəfə baxılıb
“Əminəm ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edəcək”.
“Gələn il daha da ciddi struktur islahatları aparılacaq. Bütün sahələrdə tam şəffaflıq təmin edilməlidir ki, dövlət büdcəmizin gəlirləri ilə bağlı heç bir problem olmasın. Biz elə işləməliyik ki, neftin qiymətindən asılılığı aradan götürək”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışında Xəzər rayonunun bir qrup sakini ilə görüşdə deyib.
Dövlət başçısı qeyd edib ki, 2016-cı il iqtisadi cəhətdən asan il olmayacaq: “Biz bunu bilməliyik. Ancaq elə işləməliyik ki, mənfi tərəfləri minimum səviyyəsinə endirək. Mən əminəm ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edəcək, heç bir sosial proqramın icrası ilə bağlı heç bir problem olmayacaq. Biz daha da ciddi sosial siyasət aparacağıq və çalışacağıq ki, daha çox xarici sərmayəni cəlb edək, israfçılığa yol verməyək. Bizim indi gəlirlərimiz çox ciddi şəkildə azalıb. 2015-ci ildə heç kim gözləyə bilməzdi ki, neftin qiyməti 3 dəfə aşağı düşəcək. Yəni bu, o deməkdir ki, bizim gəlirlərimiz 3 dəfə azalıb. Ona görə, indiki şəraitdə biz ancaq və ancaq çox düşünülmüş siyasət, səmərəli iş, yenə də deyirəm, idarəetmə sahəsində aparılan və aparılacaq islahatlar hesabına öz iqtisadi inkişafımızı təmin edə bilərik. Bu, iqtisadiyyat üçün bir stress idi. Əlbəttə, bunun çox böyük mənfi fəsadları var. Amma digər tərəfdən bu, bizim hamımızı daha da səmərəli işə sövq etməlidir. Hesab edirəm ki, gələn ilin əvvəlində biz dövlət büdcəmizə yenidən baxmalıyıq. Dürüstləşmə aparılmalıdır və orada həm insanların sosial təminat məsələləri öz həllini tapacaq, həm investisiya məsələləri ki, biz 2016-cı ildə uğurla inkişaf edək. Bax, bizim vəzifəmiz bundan ibarətdir”.
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan inamla inkişaf edəcək: “Biz inkişaf yolu ilə, müstəqillik yolu ilə gedirik, müstəqil siyasət aparırıq. Ona görə bəzi hallarda əsassız təzyiqlərə məruz qalırıq. Ancaq biz ləyaqətli siyasət aparırıq. Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür və mən bundan sonra da bu maraqları müdafiə edəcəyəm. Mən xalqın dəstəyini hiss edərək bu işləri daha da inamla aparıram”.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımızın Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın buyurduğu kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)