Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Biz öz torpağımızda vuruşuruq”

Aprel 04
16:45 2016

“Erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun”.

“Haqqımızı tələb edirik”.

“Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə, onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq”.

“Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm”.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) aprelin 2-də Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında bildirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan bütün beynəlxalq normaları pozub.

“BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, digər təşkilatların qərar və qətnamələrini saymır. İşğal edilmiş torpaqlarda bütün binaları, tarixi, dini abidələrimizi vəhşi kimi dağıdıb. ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş torpaqlarda iki dəfə olmuşdur.

Onların məlumatları bizdə var. Bizim məscidlərimiz, qəbirlərimiz, tarixi abidələrimiz, binalarımız, muzeylərimiz dağıdılıb. Bütün qiymətli əşyalar talan edilib. Bu, misli görünməmiş vəhşilikdir. Bu gün İrəvanda ən yüksək kabinetlərdə oturan cəlladlar vəhşicəsinə Xocalı soyqırımını törətmişlər. Onlar bunun cavabını verməlidirlər, yoxsa yox?!

Biz səbr, dözümlülük, konstruktivlik göstəririk. Baxmayaraq ki, biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Yenə də çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın.

Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar.

Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik”, – deyə, İlham Əliyev bildirib.

Sələf Xəbər: Uca Allah bizə İslam düşmənlərinin hiylələrinə qarşı ən yaxşı mübarizə üsulunu bildirərək deyir: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)

Nüfuzlu Quran təfsirçisi Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) yazırdı: “Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər Ondan qorxsalar, bu zaman heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Beləliklə, problemin həlli təqva və səbir göstərməkdədir. Başqa sözlə, Uca Allah müsəlmanlara heç nəyin zərər verməyəcəyini bildirir, çünki müsəlmanlar Uca Allahın bütün vacib hökmlərini yerinə yetirərək və Onun qadağan etdiyi hər bir şeydən çəkinərək öz dinlərinə tam şəkildə etiqad etdiyi halda Allah onlara Öz düşmənlərinə qarşı kömək göstərəcəkdir.

Digər xəbərlər