İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər”
698 dəfə baxılıb
“Bütün xoşagəlməz hallara qarşı daha ciddi mübarizə aparılmalıdır. Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir”.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bunu ötən gün Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun açılış mərasimində deyib.
Prezident bildirib ki, son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar sahibkarlara heç kimin mane olmaması, süni əngəllərin aradan götürülməsi, maksimum sərbəst, rahat işləmələri, ölkəyə vəsait qoymaları, iş yerləri yaratmaları və Azərbaycanda biznes mühitinin daha da yaxşılaşması üçündür.
“Bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilib, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün hallarda həm inzibati, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin”.
Ölkə başçısı bununla bağlı dəfələrlə xəbərdarlıq etdiyini də xatırladıb: “Bir daha deyirəm, kim ki, söz başa düşmür, öz cəzasını alacaq. Bu gün həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq”.
Prezident bildirib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq: “İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq, artıq ictimaiyyət bunu görür və görəcək. Bu iradənin təməlində Azərbaycan xalqının dəstəyi dayanır”.
Prezident ölkənin 2015-ci ili də uğurla başa vuracağına əminliyini ifadə edib: “Mən bir daha bütün iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət edirəm. Əgər onların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib deyirəm ki, dərhal məlumat verin, dərhal səsinizi qaldırın. Cəmiyyətdə ictimai nəzarət daha da güclü olmalıdır və hər bir siqnala reaksiya verilir, araşdırılır və əgər təsdiqini tapırsa, onda ölçülər götürülür”.
Sələf Xəbər: “Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız”. (Qurani-Kərim, “Təkasur” surəsi, 8-ci ayə)