Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qüvvətləndirsin) Fərman imzalayıb

Oktyabr 20
15:44 2015

Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

Sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində veriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların sayının, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, 2015-ci oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib.

Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub.

Fərmanın mətni aşağıda verilib.

Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sahibkarlıq fəaliyyətinin inkişafı Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Lakin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının çoxluğu, xüsusi razılıq (lisenziya) verilməsinin mövcud prosedurları sahibkarlığın inkişafına əlavə çətinliklər və korrupsiya hallarına şərait yaratmışdır.

Azərbaycan Respublikası ərazisində sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş xüsusi razılıq (lisenziya) verilməsinin aşağıdakı qaydalara uyğun həyata keçirilməsi təmin edilsin:

2.1. sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən zəruri hesab edildikdə xüsusi razılıq (lisenziya) verilməsi ilə əlaqədar aidiyyəti dövlət orqanlarının rəyinin alınması;

2.2. müəyyən edilmiş müddətdə aidiyyəti dövlət orqanı tərəfindən rəy bildirilmədikdə müsbət rəyin verilmiş hesab edilməsi;

2.3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməsi xidmətinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi.

3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:

3.1. aşağıdakı məsələlərə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

3.1.1. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi;

3.1.2. dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının müəyyən edilməsi;

3.1.3. bu Fərmanın müddəaları nəzərə alınmaqla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə təkmilləşdirilməsi.

3.2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində işləri sürətləndirsin.

4. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, №2, maddə 117, №7, maddə 486, №9, maddə 1044; 2015, №6, maddə 708, №8, maddə 917) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 5.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.18-ci bənd əlavə edilsin:

“5.18. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi.”;

4.2. 6-cı hissədə “Nəqliyyat Nazirliyinə,” sözlərindən sonra “İqtisadiyyat və Sənaye Nazirliyinə,” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilsin.

Digər xəbərlər