İlham Əliyev (Allah onu qüvvətləndirsin): “İcra orqanları bilməlidir ki, onlara nəzarət var…”
691 dəfə baxılıb
“Əfsuslar olsun ki, əvvəlki rəhbərlik bu işə o qədər də böyük məsuliyyətlə yanaşmamışdır və yol keyfiyyətsiz tikilmişdi. Mənə məlumat çatdırılandan sonra göstəriş verildi və yeni rəhbərlik bu işlərlə çox ciddi məşğul oldu, bütün nöqsanlar aradan götürüldü”.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) Kürdəmirə səfəri çərçivəsində sakinlərlə görüşündə deyib. İlham Əliyev bildirib ki, bir neçə gözəl hadisə baş verib:
“Kürdəmir Olimpiya İdman Kompleksinin açılışında, Mərkəzi Rayon Xəstəxanasının təmirdən sonra istifadəyə verilməsində, digər obyektlərin açılışlarında iştirak etmişəm. Bu gün isə kənd yolunun açılışını qeyd edirik. Artıq bir müddətdir ki, əhali bu yoldan istifadə edir. Amma bu gün bu yolun rəsmi açılışı günüdür. Çox gözəl layihədir və şadam ki, nəhayət, bu kənd yolu tikilibdir. Vəsait Prezident tərəfindən 3 il bundan əvvəl ayrılmışdır. Ancaq əfsuslar olsun ki, əvvəlki rəhbərlik bu işə o qədər də böyük məsuliyyətlə yanaşmamışdır və yol keyfiyyətsiz tikilmişdi. Mənə məlumat çatdırılandan sonra göstəriş verildi və yeni rəhbərlik bu işlərlə çox ciddi məşğul oldu, bütün nöqsanlar aradan götürüldü. O nöqsanları buraxan şəxslər özləri də bərpa işlərində iştirak etmişlər və nəticədə bu yol artıq bütün yüksək standartlara cavab verir”.
Dövlət başçısı bir daha ictimai nəzarətin vacibliyini vurğulayıb:
“Kənd yollarının tikintisi indi yerli icra orqanları tərəfindən həyata keçirilir. Burada əlbəttə ki, ictimai nəzarət də güclü olmalıdır. Mənə icra başçısı məlumat verir ki, o, bura təyin olunandan sonra insanlar bu yolla bağlı çoxsaylı şikayətlər etmişlər. Yəni ictimai nəzarət budur. Əgər insanlar bu məsələni qaldırmasaydılar, mən heç bilməyəcəkdim. Amma bu gün bu yol lazimi səviyyədə tikilib, istifadəyə verilir və hər yerdə də belə olmalıdır. Bu gün məni eşidən bütün icra orqanlarının nümayəndələri bilməlidirlər ki, hər bir sahədə ciddi nəzarət var və ən güclü nəzarət ictimai nəzarətdir. Siz, burada yaşayan insanlar görəndə ki, hər hansı bir ədalətsizlik var, keyfiyyətsiz yollar salınır, yaxud da başqa xoşagəlməz hallar baş verir, əlbəttə, siqnal verməlisiniz, ilk növbədə, yerli icra orqanlarına, əgər nəticə olmasa, mərkəzi icra orqanlarına. Beləliklə, Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır. Mən dəfələrlə bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim gördüyümüz bütün işlər xalqın maraqlarına xidmət edir. Bu yolların çəkilişi, infrastruktur layihələrinin icrası da bu məqsədi güdür – hər şey insanlar üçün, Azərbaycan xalqı üçün. İstəyirəm ki, hər bir yerdə, hər bir rayonda yaxşı yollar, yaxşı tibbi xidmət, gözəl məktəblər olsun ki, insanlar bundan istifadə edib rahat yaşasınlar”.
Prezident ölkədə infsrastrukturun yenilənməsində yalnız öz gücümüzə güvənildiyini də diqqətə çatdırıb:
“Düzdür, indi müəyyən mənada bizim gəlirlərimiz azalır. Özünüz yaxşı bilirsiniz ki, neftin qiyməti düşüb, bu da təbiidir. Ancaq buna baxmayaraq, ölkə iqtisadiyyatının inkişafı, sosial məsələlərin həlli ilə bağlı bütün layihələr icra edilir və gələn ilin büdcəsində də kənd təsərrüfatının inkişafına, sosial məsələlərin həllinə kifayət qədər vəsait ayrılacaq. Bizim maliyyə vəziyyətimiz sabitdir. Öz gücümüzə güvənirik, arxalanırıq. Xarici borcumuz da çox aşağı səviyyədədir. Biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Ona görə ödəmirik ki, buna ehtiyac yoxdur. Hələ ki, kreditlərdən istifadə edirik, amma kreditlərsiz də yaşaya bilərik. İndi ikinci belə ölkə tapılarmı ki, bir gündə xarici borcunu ödəyə bilsin? Çətin. Bəzi ölkələrin xarici borcu ümumi daxili məhsuldan çoxdur. Yəni onlar borc içində yaşayırlar və borcun üstünə borc gəlir. Nəticə etibarilə xalq əziyyət çəkəcək. Nə vaxtsa, necə deyərlər, bu piramida çökəcək. Amma mən əmr versəm, biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Budur bizim reallıqlarımız. Bizdə güclü iqtisadiyyat, güclü siyasi iradə, xalq-iqtidar birliyi və bu yol kimi konkret işlər, nəticələr var”.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)
Uca Allah, hənçinin buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur”. (Bax: “Təfsir Əs-Saadi”)