İlham Əliyev (Allah onu qüvvətləndirsin) metro qatarlarındakı şəraitlə tanış olub – FOTO
849 dəfə baxılıb
Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) “Bakı Metropoliteni”ndə olub.
“Sələf Xəbər” President.az-a istinadən məlumat verir ki, dövlətimizin başçısı “Bakı Metropoliteni”nin “Nəriman Nərimanov” adına elektrik deposunda metropolitenin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə maraqlanıb.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına məlumat verib ki, metropolitenin qatar parkının yenilənməsi məqsədilə dəmir yolu infrastrukturunda dünyada aparıcı mövqe tutan, böyük nüfuza malik və “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin səhmlərinin 25 faizinin sahibi olan Fransanın “Alstom” şirkəti ilə ötən il memorandum imzalanıb. Həmin memorandumun şərtlərinə uyğun olaraq, bu şirkətlə “Bakı Metropoliteni” QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət üç qatarın alınması nəzərdə tutulub. Artıq iki qatar paytaxta gətirilib.
Əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kilovat idisə, indi bu rəqəm 170 kilovat təşkil edir. Köhnə vaqonların çəkisinə gəlincə, əvvəllər bu göstərici baş vaqon üçün 38, aralıq vaqon üçün 36 ton təşkil edirdi. İndi isə yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur. Yeni nəsil vaqonların banı paslanmayan metaldandır və bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid var. Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.
Dövlətimizin başçısına məlumat verildi ki, xaricdə istehsal olunan ən müasir serverlər və fasiləsiz cərəyan təminatı, lazer optik sistemləri, cərəyan çeviriciləri, işçi kompyuter avadanlığı, GPS – koordinasiya qurğusu və digər müasir sistem və qurğularla təchiz olunmuş Diaqnostika Kompleksi qatarların hərəkətinin tam təhlükəsizliyini, səlistliyini və sərnişindaşımanın rahatlığını təmin edəcək. Kompleksin əsas vəzifəsi qatarların avtomatik sürət tənzimlənməsi sisteminin kod və siqnallarını nəzarətdə saxlamaqdır.
Kompleks, həmçinin qatarların səlis və rahat hərəkətinə maneə yarada biləcək bütün fıziki amillərin qeydiyyatı və analizinə, qüsurların qabaqcadan proqnozlaşdırılması və avtomatik nəzarətə götürülməsinə, bütün əməliyyatların xətti video şəklində qeydə alınmasına və digər tədbirlərin aparılmasına imkan verəcək.
Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi. Bu texniki göstəricilərdən göründüyü kimi, müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.
Qeyd edək ki, son vaxtlar “Bakı Metropoliteni”ndə aparılan abadlıq işləri nəticəsində depo ərazisindəki park yenidən qurulub. Burada depo işçiləri üçün yeməkxana və ehtiyat avadanlıq saxlanan böyük anbar kompleksi tikilib.
Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar”.