Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qüvvətləndirsin) yeni elektrik qatarına baxış keçirib – FOTO

İyun 04
12:25 2015

“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, iyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub.

Nəqliyyat naziri Ziya Məmmədov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov əvvəlcə dövlətimizin başçısına Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolunda həyata keçirilən yenidənqurma işləri barədə məlumat veriblər.

Qeyd edilib ki, uzunluğu 91 kilometr olan yolun ikixətli hissəsi 85, birxətli hissəsi isə 4,4 kilometrdir. Qalan 1,6 kilometrlik birxətli yolun tikintisi nəzərdə tutulur. Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu iki hissəyə bölünməklə yenidən qurulur. Birinci hissəyə daxil olan Bakı-Biləcəri-Sumqayıt xətti 42, ikinci – Bakı-Zabrat-Sumqayıt xətti isə 49 kilometrdir. Yolun 55 kilometrdən çox hissəsində yenidənqurma işləri artıq başa çatdırılıb. İndiyədək 95 min kubmetr torpaq işləri görülüb, 28 dəst yoldəyişən qurğular yeniləri ilə əvəzlənib. Bu yol üzərində 10 qatarın hərəkəti nəzərdə tutulur.

Dövlətimizin başçısına Bakı şəhəri-Heydər Əliyev Beynəlxalq Aeroportu dəmir yolu xəttinin layihəsi barədə də məlumat verilib. Uzunluğu 25 kilometr olacaq bu dəmir yolu xətti şəhərdə sərnişin sıxlığının aradan qaldırılmasında mühüm rol oynayacaq.

Sonra Prezident İlham Əliyev yeni elektrik qatarında yaradılan şəraitlə tanış olub.

“Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş “KISS” markalı elektrik qatarlarının hər birində 4 vaqon var. Qatarlarda sərnişinlər üçün hər cür şərait yaradılıb. Ümumi sərnişin tutumu 919 nəfər olan hər bir qatarda 396 oturacaq var ki, onlardan da 84-ü biznes-klasdır. İkimərtəbəli elektrik qatarları birinci Avropa Oyunları zamanı Bakı sərnişin stansiyası ilə metronun “Koroğlu” stansiyası arasında fəaliyyət göstərəcək, sonralar isə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində istifadəyə buraxılacaq. Yeni dəmir yolu xəttində dayanacaqlar nəzərə alınmaqla qatarların orta sürəti saatda 63 kilometr təşkil edəcək.

Qeyd edilib ki, Bakı-Biləcəri-Sumqayıt xəttində elektrik qatarları əvvəllər mənzil başına 1 saat 22 dəqiqəyə çatırdısa, yenidənqurma işlərindən sonra bu vaxt 40 dəqiqə olacaq. Bakı-Zabrat-Sumqayıt xətti üzrə isə hazırda qatarlar mənzil başına 1 saat 29 dəqiqəyə çatır. Lakin yenidənqurmadan sonra vaxt fərqi 52 dəqiqəyə enəcək. Dairəvi dəmir yolu üzərində 23 stansiya və dayanacaq olacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra yolun Bakı-Biləcəri-Sumqayıt hissəsində 3 – Keşlə, Biləcəri, Xırdalan və Bakı-Zabrat-Sumqayıt hissəsində isə 5 – “Koroğlu”, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı dayanacaqlarının olması nəzərdə tutulur.

Prezident İlham Əliyev qatarı idarə edib.

Bildirilir ki, sutka ərzində bu dəmir yolu ilə 30-35 min sərnişinin daşınması proqnozlaşdırılır. Bütün bunlar son illərdə ölkəmizdə nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə dövlət siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycanda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, yeni növ texnikaların alınması Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi inkişaf modelinin bəhrəsidir. Son illərdə Azərbaycanın nəqliyyat infrastrukturu dinamik inkişaf edərək bu gün ölkəmizin regionda bu sahədə şəksiz liderliyini təmin edib. Odur ki, Azərbaycan hazırda Qərb ilə Şərq arasında ən mühüm nəqliyyat dəhlizi rolunu oynayır.

📷

qatar-prezident-aliyev-12 qatar-prezident-aliyev-13 qatar-prezident-aliyev-01 qatar-prezident-aliyev-02 qatar-prezident-aliyev-03 qatar-prezident-aliyev-04 qatar-prezident-aliyev-05 qatar-prezident-aliyev-06 qatar-prezident-aliyev-07 qatar-prezident-aliyev-08 qatar-prezident-aliyev-09 qatar-prezident-aliyev-10 qatar-prezident-aliyev-11

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar”.

Digər xəbərlər