Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) Məkkədə etdiyi duanı açıqlayıb

İyul 14
14:53 2015

“Bir müsəlman kimi mən xoşbəxt adamam ki, buna nail ola bilmişəm…”.

“Bir neçə il bundan əvvəl mən Məkkə ziyarətində müqəddəs Kəbənin içində dualar edərək niyyət etmişdim ki, Azərbaycanda böyük, möhtəşəm məscid tikiləcək və bu məscidin adı Heydər Məscidi olacaq”.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin verdiyi iftar süfrəsində çıxış edən prezident İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) deyib.

Onun sözlərinə görə, Azərbaycanda bütün tarixi məscidlərimiz dövlət hesabına əsaslı şəkildə bərpa edilib.

“Keçən ilin sonlarında Heydər Məscidinin tikilib istifadəyə verilməsi tarixi hadisə idi. Bu ilin aprel ayında mənə yenidən Kəbənin içində dualar etmək xoşbəxtliyi nəsib olub. Şeyx həzrətlərinin dediyi kimi, İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanı Kralının şəxsi göstərişi ilə müqəddəs Kəbənin qapıları mənim, şeyx həzrətlərinin, ailə üzvlərimin üzünə açılmışdı və yenidən müqəddəs Kəbənin içində dualar edərək, ürəyimdə dedim ki, Heydər Məscidi tikildi”.

Prezident bildirib ki, bir müsəlman kimi onun üçün bundan böyük xoşbəxtlik ola bilməz. İ.Əliyev bunun atasının ruhu qarşısında borcu olduğunu deyib.

“Bir müsəlman kimi mən xoşbəxt adamam ki, buna nail ola bilmişəm və eyni zamanda, xoşbəxt adamam ki, müqəddəs Kəbənin içində üç dəfə dualar etmişəm”.

İ.Əliyev Azərbaycanın nümunəvi bir ölkə olduğunu deyib. Onu Azərbaycana gələn hər bir qərəzsiz qonaq görür və etiraf edir. İstənilən sahədə – şəhərimizin gözəlliyi, təhlükəsizlik, iqtisadi inkişaf, sosial ədalət, din-dövlət münasibətləri, dinlərarası dialoq, imkanlarımız və Avropa Oyunlarının keçirilməsi bizim potensialımızı bütün dünyaya göstərdi. “Biz bu potensialı bilirdik. Biz bilirdik ki, nəyə qadirik. Ancaq bəziləri bunu bilmək, görmək istəmirlər, ağa qara deyirlər, bizə şər, böhtan atırlar. Bizim heç kimlə işimiz yoxdur, öz həyatımızı qurmuşuq, heç kimə də heç bir məsələni diktə etmirik. Ancaq heç vaxt imkan vermərik ki, hansısa bir kənar qüvvə bizə diktə etsin. Biz müstəqil ölkəyik, ləyaqətli ölkəyik. Azərbaycan xalqının taleyi onun öz əlindədir. Ona görə Azərbaycana gələn qərəzsiz, xoşniyyətli insanlar bu reallıqları görürlər”.

Dövlət başçısı bir daha bildirib ki, Dağlıq Qarabağ məsələsi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq və bunun başqa yolu yoxdur. Azərbaycan heç bir başqa variantla heç vaxt razılaşmayacaq.

Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir (Məkkədir)! Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 96,97-ci ayələr)

“Uca Allah – yer üzündə Ona ibadət və Onu zikr etmək üçün qurduğu Məscidülharamın əzəməti haqqında xəbər verir. Bu məscid məxluqlara böyük fayda verir və iri miqyasda nemət bəxş edir. Onda Allahın sevimlisi İbrahimin yüksək məqamını və onun həcc ziyarəti zamanı etdiyi əməlləri və həmçinin bütün elçilərin ağası və başçısı olan Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yüksək məqamını xatırladan aydın əlamətlər vardır. Bu məscid haram edilmiş torpaqda yerləşir və insan bu torpağa ayaq basdıqda, Allahın qədərinə, İslam şəriətinin və dininin ehkamlarına müvafiq olaraq, əmin-amanlığa qovuşur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər