İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) yanğınla əlaqədar sərəncam imzalayıb
1. 270 dəfə baxılıb
Azərbaycan Prezidenti İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
“Sələf Xəbər”in President.az-a istinadən məlumatına görə, sərəncama əsasən, Dövlət Komissiyası aşağıdakı tərkibdə yaradılıb:
Komissiyanın sədri:
Abid Şərifov – Azərbaycan Respublikasının Baş nazirinin müavini
Komissiyanın üzvləri:
Ramil Usubov – Azərbaycan Respublikasının Daxili İşlər naziri
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri
Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru
Eldar Mahmudov – Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının Səhiyyə naziri
Samir Şərifov – Azərbaycan Respublikasının Maliyyə naziri
Səlim Müslümov – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı
Dövlət başçısının tapşırığına əsasən, Dövlət Komissiyası:
– hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirməlidir;
– baş vermiş yanğın nəticəsində zərər çəkənlərin əmlakına dəymiş ziyanın 15 gün müddətində hesablanmasını təmin etməlidir;
– hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etməlidir;
– yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etməlidir;
– yaşayış binasının istifadəyə yararlılıq vəziyyətini araşdırsın və onun sakinlərinin müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirməlidir;
– görülmüş işlər haqqında mütəmadi məlumat verməlidir.
Baş Prokurorluq isə Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)
“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)