Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İrandan Azərbaycana növbəti badalaq

Dekabr 16
17:48 2015

Bu ölkənin saxta dini təəssübkeşliyi hədd tanımır.

Məzhəblərarası qarşıdurmanı qızışdırmaqla ölkədə mövcud olan ictimai-siyasi sabitliyi pozmağa cəhd edirlər.

Ölkənin hüquq-mühafizə orqanları tərəfindən Bakının Nardaran qəsəbəsində respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirildikdən sonra dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə yaradılan “Müsəlman birliyi” adlı hərəkatın qeyri-qanuni fəaliyyətinə “İslam təəssübkeşi” olan qonşu İrandan müxtəlif formalı açıq dəstəklər gəlməkdə davam edir.

“Sələf Xəbər” Milli.Az-a istinadən məlumat verir ki, Azərbaycanın Tehrandakı Səfirliyinin, Təbrizdəki Baş konsulluğunun qarşısında sifarişli piketlər təşkil etdikdən sonra, növbə “İslam Şurası Məclisi”nə çatıb. Belə ki, sözügedən qurum Azərbaycan dövlətini insan hüquqlarını pozmaqda ittiham edərək, BMT-nin faktaraşdırıcı missiyasını bölgəyə dəvət edib. İranda 35 milyonluq azərbaycanlını təmsil edən, öz ana dilində yazıb-oxumaq, doğma dildə təhsil almaq kimi elementar hüquqları İran hökumətindən tələb etmək cəsarətini özündə tapmayan bu “millət vəkilləri” nədənsə Nardaran mövzusunda çox irəli gediblər.

Müsəlman qardaşlarının dərdinə yandıqlarını bəyan edən bu “millət vəkilləri”ndən haqlı olaraq soruşmaq lazımdır: Bəs 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilərin misli görünməyən vəhşilik törədərək Azərbaycanın Xocalı şəhərini yerlə yeksan etdiyi və nəticədə yüzlərlə müsəlmanı qətlə yetirdiyi zaman niyə etiraz səsinizi çıxartmadınız? Bəs niyə o zaman müsəlman təəssübkeşliyi yadınıza düşmədi? Niyə BMT-nin faktaraşdırıcı missiyasını Qarabağa dəvət edib, erməni vandalizminə dünya birliyi tərəfindən hüquqi və siyasi qiymət verilməsini tələb etmədiniz?
Bu gün Nardarandakı İmam Hüseyn meydanının müdafiəsinə qalxan həmin “müsəlman təəssübkeşlər” Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində ermənilər tərəfindən yüzlərlə tarixi-dini abidələr məhv edildiyi zaman səslərini belə çıxartmağa cəsarət etmədilər. Əksinə, İran hökuməti müharibənin gedişində işğalçı Ermənistanı ərzaq, geyim, silah, texnika və yanacaqla yüksək səviyyədə təmin etdi və ona siyasi dəstək verdi. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında bütün dini abidələri dağıdaraq İslamı təhqir edib, məscidlərə və dini yerlərə donuz və mal-qara dolduraraq tövləyə çevirdiyi zaman hər yerdə İslam adından danışan İran rəsmiləri bu biabırçılığa göz yummuşdular. Həmçinin, İranın xüsusi xidmət orqanı olan ETTELAAT təşkilatının Azərbaycanda kəşfiyyat fəaliyyətini gücləndirərək, bəzi casus “dindarlar” vasitəsilə əldə etdiyi hərbi sirləri Ermənistan kəşfiyyatına ötürdüyünə dair təkzibolunmaz faktlar mövcuddur. Rəsmi Bakı dəfələrlə işğal olunmuş Azərbaycan ərazilərində İran şirkətlərinin fəaliyyət göstərməsindən narahatlığını qarşı tərəfin diqqətinə çatdırsa da, bu şirkətlərin qeyri-qanuni fəaliyyətinə son qoyulmayıb. Halbuki, İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanan ikitərəfli bəyannamədə qeyd olunub ki, işğal olunmuş ərazilərdə İranın hər hansı şirkətinin fəaliyyəti qadağan edilir.

İslam adı ilə saxta fətvalar verən İran mollaları və ayətullaları bütün imkanları ilə Azərbaycanın daxili işlərinə qarışmağa səy göstərir, məzhəblərarası qarşıdurmanı qızışdırmaqla ölkədə mövcud olan ictimai-siyasi sabitliyi pozmağa cəhd edirlər.
Lakin buna cəhd edən həm İrandakı, həm də digər ölkələrdəki qüvvələr bilməlidirlər ki, onlar buna səy göstərən ilklər deyil. Belələri çox olub və aqibəti də bəllidir. Ona görə də Azərbaycana düşmənçilik mövqeyindən yanaşanlar bir az araşdırma aparıb nəticələrdən ibrət dərsi götürsələr, daha yaxşı olar. Çünki Azərbaycanla yalnız dost olaraq xeyir götürmək olar. Əks halda heç kim xeyir gözləməsin…

Sələf Xəbər: “Bu ümmətin gələcək nəsilləri bu ümmətin birinci nəslinin getdiyi yolu tərk etsə, heç vaxt müvəffəqiyyət qazanmayacaq”. (“əş-Şifə”, 2/676) İmam Malik

Digər xəbərlər