Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı qərar qəbul edib

May 29
12:54 2015

57 ölkəni sıralarında birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı qərar qəbul edib.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İstanbuda yerləşən beynəlxalq katibliyindən verilən məlumata görə, 57 ölkəni öz sıralarında birləşdirən və BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurası (XİNŞ) Xocalı faciəsinin soyqırım aktı olduğunu bir daha təsdiqləyib.

Mayın 27-28-də Küveytdə keçirilən İƏT XİNŞ-in 42-ci sessiyasında Forumun sədri Elşad İskəndərovun başçılığı ilə iştirak edən nümayəndə heyəti tərəfindən xüsusi qətnamə irəli sürülüb. XİN Şurası yekdilliklə qəbul etdiyi “Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu haqqında” adlı qətnamədə (N.: 8/42-C) Xocalı faciəsini soyqırım aktı adlandıraraq İƏT üzv ölkələrini insanlığa qarşı törədilmiş bu cinayətin beynəlxalq və milli səviyyələrdə tanınması üçün lazımi səy göstərməyə çağırıb. Qətnamə eyni zamanda, “1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən həyata keçirilən qətliamın insanlığa qarşı cinayət olduğunu bildirərək İƏT-ə üzv dövlətləri və İƏT qurumlarını “Xocalıya Ədalət” kampaniyasında fəal iştirak etməyə və həmçinin Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb olunması üçün” çağırış edib.

Bununla yanaşı, İƏT Xarici İşlər Nazirləri 2015-ci ilin yanvar ayında DƏ-İKGF və İƏT Parlamentlər İttifaqı (İƏT Pİ) arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandumu təsdiq edib və sözügedən Memorandumda nəzərdə tutulmuş iki qurum arasında “Xocalıya Ədalət” kampaniyası çərçivəsindəki əməkdaşlığa hərtərəfli dəstəyin göstərilməsinə xüsusi qeyd edib.

Konfransın işində iştirak edən DƏ-İKGF sədri qətnamənin qəbul edilməsi münasibətilə İƏT-in aparıcı ölkə heyətləriylə görüşərək Forumun fəaliyyətlərinə verdikləri dəstəyə görə təşəkkürünü bildirib, həmçinin qərardan irəli gələn məsələlərdə birgə fəaliyyət məqsədilə konkret addımlar müzakirə edilib.

Sələf Xəbər: Uca Allahdan xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Uca Allah buyurur: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)

Digər xəbərlər