Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda uşaq evlərində iftar süfrələri verilib
721 dəfə baxılıb
Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” (Beyt-ul-Mal) təşkilatının Talassemiya Mərkəzində, habelə Abbotabad və Lahor şəhərlərində kimsəsiz uşaqlar evlərində iftar süfrələri təşkil edilib.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Azərbaycanın Pakistandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Talassemiya Mərkəzində təşkil olunmuş təntənəli mərasimdə Pakistanın Neft və Təbii Sərvətlər naziri Şahid Xaqan Abbasi, hakim Pakistan Müsəlman Liqası partiyasının şimal bölgəsi üzrə rəhbəri, Milli Assambleyanın komitə sədri Raca Məhəmməd Faruq, “Beyt-ul-Mal”ın direktoru Abid Vahid Şeyx, senatorlar, Pakistanın nüfuzlu ictimai-siyasi xadimləri, ölkənin aparıcı televiziya kanalları, jurnalistlər və Talassemiya Mərkəzində müalicə alan uşaqlar iştirak ediblər.
Tədbir iştirakçılarını qarşıda gələn Ramazan bayramı münasibətilə təbrik edən Azərbaycanın səfiri Daşqın Şikarov dövlətlərimiz arasında olan yüksək səviyyəli münasibətlərdən, iki qardaş xalqları biri-birinə bağlayan ümumi dini, mədəni dəyərlər barəsində danışıb. Səfir prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda gedən iqtisadi inkişaf prosesi, habelə M. Əliyevanın Azərbaycanda və xarici ölkələrdə, o cümlədən Pakistanın bütün əyalətlərində həyata keçirdiyi humanitar layihələr barədə ətraflı məlumat verib.
Mərasim iştirakçılarına müraciətində Abid Vahid Şeyx Ramazan sevincini pakistanlı uşaqlarla bölüşdüyünə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib. Heydər Əliyev Fondunun “Beyt-ul-Mal”la əməkdaşlığının 2012-ci ildən başladığını bildirən təşkilat rəhbəri Azərbaycanın birinci xanımının kimsəsiz uşaqlara dəfələrlə humanitar yardımlar etdiyini, Heydər Əliyev Fondunun Talassemiya Mərkəzinin tikilməsinə yardım etmiş ilk donor olduğunu xüsusi vurğulayıb. O bildirib ki, M. Əliyevanın Pakistanın bütün bölgələrində həyata keçirdiyi layihələr pakistanlıların qəlbində Azərbaycan xalqına qarşı böyük məhəbbət yaradıb, iki qardaş ölkə arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdırıb.
Tədbirdə cıxış edən hakim Pakistan Müsəlman Liqası Partiyasının şimal bölgəsi üzrə rəhbəri R. Faruq Talassemiya Mərkəzinin tikintisinə göstərdiyi maliyyə yardımına görə Azərbaycanın birinci xanımına dərin minnətdarlığını bildirib, iftar süfrələrinin təkcə İslamabadda deyil, Pakistanın digər şəhərlərində də təşkil edilməsini yüksək qiymətləndirib.
Tədbirdə iştirak edən Pakistanın Neft və Təbii Sərvətlər naziri Ş. Abbasi Pakistanın aparıcı televiziya kanallara müsahibə verərək M. Əliyevanın pakistanlılar üçün müqəddəs olan Ramazan ayında İslamabadda, Lahorda, Abbotabadda və digər şəhərlərdə kimsəsiz uşaqlar üçün iftar süfrələrinin təşkil edilməsini, Talassemiya Mərkəzinin vaxtaşırı qanla təmin edilməsi, Pakistanın müxtəlif bölgələrdə əhalinin imkansız təbəqəsi üçün pulsuz müayinələrin təşkil edilməsi faktını yüksək qiymətləndirərək, Azərbaycanın birinci xanımına və Azərbaycan xalqına dərin təşşəkürünü bildirib.
Mərasim iştirakçıları üçün təşkil olunmuş iftar süfrəsindən sonra səfir D. Şikarov Heydər Əliyev Fondu adından Talassemiya Mərkəzinə 500 ədəd qan paketi təqdim edib. Sonra D. Şikarovun təşəbbüsü ilə Talassemiya Mərkəzində qanvermə aksiyası keçirilib. Səfir, səfirliyin əməkdaşları və tədbirdə iştirak edən digər könüllü donorlar qan veriblər.
Sələf Xəbər: Uca Allah buyurur: “Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 215-ci ayə)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sizin ən xeyirliniz insanları yedirdənlərdir!” (İbn Macə)