Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi verilib
674 dəfə baxılıb
Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi təşkil edilib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, iftar süfrəsində Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiyada akkreditə olunmuş xarici ölkələrin səfirliklərinin, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar “Ramazan çadırı” qarşısında açılan fotosərgi ilə tanış olublar. Ekspozisiya birinci Avropa Oyunlarına, Azərbaycanın memarlıq və dini abidələrinə həsr olunub. Sonra Müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz və Moskva müsəlmanları Azərbaycan milli yeməklərinə və şirniyyatına qonaq olublar.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev, “İxlas” Fondunun sədri Anar Məmmədov çıxış ediblər. Onlar müsəlmanları bayram münasibətilə təbrik edərək, Azərbaycanda müqəddəs Ramazanın necə qeyd edilməsindən danışıblar.
İftarda Bakıda keçirilən I Avropa Oyunları barədə videoçarx nümayiş etdirilib. İştirakçılara “Baku”, “Amor”, “İrs” jurnallarının nüsxələri, Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş Azərbaycan haqqında yeni mətbu məhsulları, ölkəmiz haqqında multimedia diskləri və Azərbaycanın gözəl mənzərələrinin təsvir olunduğu açıqcalar paylanıb. İftar süfrəsini təşkil edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya xüsusi minnətdarlıq bildirilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 10 ildir ki, Rusiya Müftiləri Şurasının “Ramazan çadırı” layihəsində fəal iştirak edir və möminlər üçün iftar süfrəsi açır.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim oruc tutana iftar verərsə, ona oruc tutanın savabı qədər savab yazılar. Bundan əlavə bu səbəbdən oruc tutanın savabından heç bir şey azalmaz”. (ət-Tirmizi)