Ölkəmizdə kəskin istilərlə bağlı xəbərdarlıq olundu
910 dəfə baxılıb
Azərbaycanda gözlənilən kəskin istilərlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərə xəbərdarlıq məktubu göndərib.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bunu açıqlamasında Dövlət Xidmətinin rəisi Fuad Əlizadə deyib.
Onun sözlərinə görə, xəbərdarlığa əsasən, havanın temperaturu müsbət 41 dərəcə olarsa, həmin vaxt işəgötürənlər işçilərə fasilələr verməlidir.
F.Əlizadə rəhbəri olduğu qurumun Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gündəlik olaraq rəsmi məlumat aldığını vurğulayıb: “Bu gün havanın temperaturu müsbət 38 dərəcə olsa da, rütubətlilik var. Havada rütubətlilik çox yüksək səviyyədədir. Və biz şirkətlərə temperatur 41 dərəcəyə çatdığı halda işçilərə fasilə verməli olduqlarını bildirmişik. Əsasən də tikinti, daş karxanaları, emal sənayesi sektorunda fəaliyyət göstərən işəgötürənlərə xəbərdarlıq etmişik. Bu gün də havanın rütubətli olmasını nəzərə alıb, xüsusilə diqqətli olmalarını tövsiyə etmişik”.
O, işəgötürənlərin qurumun xəbərdarlığına məhəl qoymayacağı halda hansı cəzanın tətbiq olunacağını da açıqlayıb: “Qanunvericiliyə əsasən, 41 dərəcə istidə işçilər açıq havada işə cəlb olunarsa, onda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 1000 manatdan 2000 manatadək cərimələr nəzərdə tutulur. Pul cəriməsi ilə yanaşı, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, işəgötürənlər məsuliyyətə də cəlb olunacaq”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, avqustun 5-dək Bakıda və Abşeron yarımadasında gözlənilən anomal isti hava şəraiti və kəskin isti temperatur diskomfortu əksər insanlar üçün əlverişsiz, meteohəssas insanlar üçün isə xüsusilə əlverişsiz olacaq. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət – sağlamlıq və boş vaxtdır”. (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)