Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Paralimpiya çempionumuz Həccə gedəcək – MÜSAHİBƏ – VİDEO

İyul 15
17:30 2015

İlham Zəkiyev: “Arzum Avropa Oyunlarından sonra Həcc ziyarətinə getmək idi…”

“Heç vaxt istəməyəcəm ki, məni hacı İlham Zəkiyev kimi çağırsınlar”.

“Sələf Xəbər” bildirir ki, bunu “a24.az” redaksiyasının qonağı olan dünya şöhrətli idmançımız, iki dəfə paralimpiya oyunlarının, iki dəfə dünya çempionatının, 5 dəfə Avropa birinciliyinin, nəhayət, bu ilin 12-28 iyun aralığında Azərbaycanda keçirilən I Avropa Oyunlarının paralimpiya cüdosunun qızıl medalçısı, hazırda Həcc ziyarətinə hazırlaşan İlham Zəkiyev deyib.

O, Həcc ziyarətinə getməsi, idman sahəsində əldə edilən nailiyyətlər, gənclərin idmana həvəsi barədə də danışıb.

– Eşitdiyimizə görə, Həcc ziyarətinə gedəcəksiniz?

– Bəli, gedəcəm. Hər bir müsəlmanın arzusudur ki, Həcc ziyarətində olsun. İnşallah, mən də bu il Həcc ziyarətinə gedəcəm. Artıq ziyarətə gedəcək zəvvar kimi sənədlərimi müvafiq yerə təqdim etmişəm. Allahdan ölkəmizə sülh və əminamanlıq arzulayacam. Allaha şükürlər olsun ki, bu gün mənə və ailəmə lazım olan əsas vacib məsələlər həll olunub. Bunu demək reklam olardı, amma çalışıram ki, imkansız insanlara imkanım çatan qədər kömək olum. Çalışıram ki, qonşuya, qohum-əqrabama, bir sözlə, ehtiyacı olan insanlara köməklik edək. Bu nə dərəcədə alınır, Allah qiymətini versin.

– Tək gedirsiniz ziyarətə, yoxsa, yaxınlardan kimlərsə də olacaq?

– İnşallah, məşqçim və komanda yoldaşım da mənimlə bir yerdə zəvvar olacaq.

– Ziyarətdən qayıtdıqdan sonra sizə necə müraciət edək? Hacı İlham deyə bilərik?

– Xeyr. Mən ad və titulçün ziyarətə getmirəm. Sadəcə, Allahın müsəlmanlar üçün vacib buyurduğu 5 əməldən biri olduğu üçün bu yolu seçmişəm. Yəni bundan sonra da reklam olmayacaq ki, İlham getdi Həccə, ona hacı İlham deyilsin. Allah hər bir müsəlmana bu ziyarəti qismət eləsin.

– Keçək idmana. Karyeranızı bitirmək haqda düşünmürsünüz?

– Mənim təmsil etdiyim idman növü üzrə yaş həddi yoxdur. Allah bütün idmançılar kimi məni zədələrdən qorusun. Allah nə qədər imkan versə, döyüşəcəm. Bu mənim işimdir və işimlə fəxr edirəm. Çalışacam ki, ölkə başçısı İlham Əliyevin bundan sonra da ümidlərini doğruldum və Azərbaycan bayrağını ucalara qaldırım.

– Özünüz idmançı yetişdirirsiniz?

– Xeyr. Hələ özüm fəal idmançıyam. Vaxt yoxdur tələbə yetişdirməyə. İnşallah, nə vaxtsa idmançı karyeramı bitirəndən sonra yəqin ki, mənim təcrübəmdən idman aləmində yararlanacaqlar.

– Belə məlumatlar yayılır ki, Azərbaycanda əlil uşaqların paralimpiyaya marağı azdır. Siz bu barədə nə deyə bilərsiz?

– Mən deməzdim ki, zəiflik var. Əksinə, mənim qələbələrimdən sonra paralimpiyaya axın çoxalıb. Mən də üzümü valideynlərə tutub demək istərdim ki, uşaqlarınızı evdə gizlətməyin. Olur ki, bəzən uşaqları əlil olduqları üçün valideyinlər onları idmana aparmaqdan utanırlar. Valideynlərdən xahiş edirəm ki, uşaqları üzə çıxartsınlar, onlar paralimpiya kompleksində mütəxəssislərimizin köməkliyi ilə idmançı kimi yetişəcəklər. Onların da içində gələcəyin dünya, Avropa çempionları var. Əlillikdən heç kim sığortalanmayıb. Allah eləməsin, bu, hər kəsin başına gələ bilər.

-İlham müəllim, bizim bəzi dünya və Avropa çempionlarımız var ki, uğur qazanan kimi dərhal özlərinə bahalı avtomobillər alır, günlərini idmanla yox, başqa əyləncələrdə keçirirlər. Bu nədən irəli gəlir sizcə?

– İdmançılarımız niyə də bahalı avtomobil almasınlar? Alsınlar. Bu onların halal qazancıdır. Hər bir insan kimi, idmançılarımızın da öz arzuları var. Bəlkə hansısa idmançı arzu edib ki, Avropa Oyunlarında qalib gəlib, özünə bahalı avtomobil, ev alsın. Bu onun şəxsi işidir. Niyə də almasın?! Mənim arzum Avropa Oyunlarından sonra Həcc ziyarətinə getmək idi və gedirəm də. Sadəcə, o idmançılara üzümü tutub demək istəyirəm ki, bütün bunlarla yanaşı, idmanlarına da böyük önəm versinlər. Çempion olandan sonra insanda məsuliyyət birə on artır. Buna görə də imdan məşqlərinə daha da ciddi yanaşsınlar. Çempion olmaq çətindirsə, o titulu qorumaq ondan da çətindir. Yəni çalışsınlar, üzərlərində daha da artıq işləsinlər, daha da məsuliyyətli olsunlar.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)

Digər xəbərlər