Qamət Süleymanov Sabirabad hadisəsi barədə EKSKLÜZİV MÜSAHİBƏ
6. 227 dəfə baxılıb
1. Sabirabadda baş verən hadisəyə ümumi münasibətiniz necədir?
– Bismilləhir-rahmənir-rahim. Təbii ki, hər bir müsəlmanın, ümumiyyətlə, hər bir insanın belə hadisəyə münasibəti çox pis olmalıdır. Bu xoşagəlməz hadisədir, çalışmaq lazımdır ki, belə hadisələr olmasın. Bu hadisə heç kəsə xeyir gətirməz.
2. Bəziləri deyirlər ki, İŞİD xəvaric qruplaşmasının İraq və Suriyada törətdiyi terror hadisələrinin Azərbaycana təsiri var. Məlum olayın baş verməsini də məhz bu təsirin nəticəsi olduğunu güman edirlər. Bu fikirlə razısınızmı?
– Mənə elə gəlir ki, belə deyənlər, bu hadisəyə don geyindirmək istəyir. İŞİD-in bu hadisəyə heç bir dəxili yoxdur. Həmin adam ora meyvə almağa gəlibmiş, özü ticarətlə məşğuldur. Bir daha deyirəm, bunun İŞID-ə heç bir dəxili yoxdur. Videoda hamısı çəkilib, orada da görünür ki, İŞID-in adı çəkilmir, sadəcə “Hüseynin düşməni, Hüseynin qatili” kimi sözlər dəfələrlə təkrar edilir, özünüz də videodan dediklərini eşidə bilərsiniz.
3. Hər hansı bir cinayətə görə, haqq və nahaq olmasından asılı olmayaraq, İslam nöqteyi-nəzərindən kimlərin cəza və cərimə tətbiq etmə hüququ vardır?
– Cəza tətbiq etmək – dövlət başçısının işidir, bunu yalnız hökumət eləməlidir. Hər hansı bir fərdə aid deyil. Yəni İslamda “hökumətdən xəbərsiz, özbaşına cəzalandırma” yoxdur. Hökumətin işidir, müəyyən qurumların işidir, bu işə baxırlar. Bu hərəkət heç bir çərçivəyə sığmır.
4. Ümumiyyətlə insanların bir birinə güc tətbiq etməsinə necə baxırsınız?
– Pis baxıram. Hər hansı bir problem olduqda, bunu güclə yox, sivil şəkildə, danışaraq həll etmək olar. Məsələn, elmi problemdirsə, elmi cəhətdən müzakirə eləmək olar. Ancaq bu cür üslubda, bir nəfərin üstünə 50 nəfər düşməsi, onu təhqir etməsi, hətta videoya da çəkilməsi və s. – bunların heç biri mədəni insanların hərəkətləri deyil.
5. Son olaraq, İslam dininin bilicisi kimi, insanlara bu cür hadisələr zamanı nələri tövsiyə edərdiniz?
– Tövsiyə edirəm ki, belə vəziyyətdə bir az səbirli olsunlar. Bu hansısa tərəfin qurması da ola bilər. Ona görə də belə məsələlərdə bir az ehtiyatlı olmaq lazımdır. Hökumət var, hökumət bu məsələni araşdıracaq və düzgün cəza verəcək.
“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb