QMİ həccə gedən zəvvarlara xəbərdarlıq edib
950 dəfə baxılıb
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc və Ümrə ziyarətləri sənəd qəbulu ilə bağlı idarədən başqa sənəd aparanlar barədə xəbərdarlıq edib.
“Sələf Xəbər” azvision.az-a istinadən bildirir ki, xəbərdarlıqda bildirilir: “Ziyarətə getmək arzusunda olanlara bildiririk ki, müqəddəs Həcc və Ümrə ziyarətlərinə sənəd qəbul etməklə bağlı QMİ-dən başqa heç bir qurum səlahiyyətli deyil.
Hər hansı başqa quruma sənəd təqdim edərək onların vasitəçiliyi ilə ziyarətə getmək istəyənlərlə bağlı yaranacaq anlaşılmazlıqlara görə QMİ məsuliyyət daşımır”.
Qeyd edək ki, bu il də zəvvarlara ziyarət iki formada təklif olunacaq. Daha yaxşı şəraitli hotellərdə qalmağı, daha çeşidli yeməklərin verilməsini, o cümlədən 4 nəfərlik otaqlarda yerləşdirməni nəzərdə tutan variantın qiyməti 5750 dollar, nisbətən ucuz şəraitli hotellərdə, 6 nəfərlik otaqlarda qalmağı nəzərdə tutan variantın qiyməti isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla ziyarət təşkil edilməyəcək.
Sələf Xəbər: Uca Allah buyurur: “Allah üçün həcc və ümrəni tam yerinə yetirin”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 196-cı ayə)