Qurban bayramı ilə bağlı qaydalar müəyyən edildi
839 dəfə baxılıb
Sentyabrın 24-25-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar görüləcək tədbirlər haqqında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əmr imzalayıb.
“Sələf Xəbər” AzVision.az-a istinadən bildirir ki, bu barədə xidmətdən məlumat verilib.
Əmr Bakı şəhərinə gətirilən qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda kəsilməsinin qarşısını almaq məqsədi ilə verilib.
İmzalanmış əmrdə Qurban bayramı ilə əlaqədar olaraq Bakı şəhərinə gətirilən heyvanların sağlam olması, həmçinin baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi məqsədi ilə baytarlıq mütəxəssislərinin heyvanların kütləvi halda kəsildikləri Bakı şəhərinin ayrı-ayrı rayonlarına təhkim olunması qeyd edilir.
Eyni zamanda əmrdə Bakı Şəhər Baytarlıq İdarəsinə tapşırılır ki, Qurban bayramı ərəfəsində və bayram günlərində baytarlıq mütəxəssislərinin qurbanlıq heyvanlar satılan və kəsilən yerlərdə olmalarını təmin etsin. Eləcə də rayonlardan gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlıqları barədə 1 nömrəli şəhadətnamənin olmasını müəyyənləşdirmələri, bunun nəticəsindən asılı olaraq müvafiq tədbirlər görmələri, qurbanlıq heyvanların qəbulunda, saxlanmasında və kəsilməsində baytarlıq-sanitariya qaydalarına ciddi əməl etmələri tapşırılır.
Sələf Xəbər: “Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər). Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!” (Qurani-Kərim, “Həcc” surəsi, 34-cü ayə)
Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) Mədinəyə hicrət edəndə, Mədinə sakinlərinin oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. “Bu günlər nədir?” – deyə soruşduqda, onlar: “Cahiliyyət dövründə bu iki gündə oynayardıq…” – dedilər. Peyğəmbərimiz isə (Allahın ona salavat və salamı olsun), buyurdu: “…Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları”. (Əbu Davud)