Ramazan ayı ilə bağlı fətva verildi
1. 618 dəfə baxılıb
Ramazan ayı iyunun 7-də başlayır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılər Şurası və Elmi-Dini Şurası bu ilki Ramazan ayı ilə bağlı fətva verib.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, fətva bu gün QMİ-də Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçən dindarların toplantısında verilib.
Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edəcək. Ayın göründüyü andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti başlayacaq. Oruc ibadəti fərqli qaydalar əsasında bütün səmavi dinlərdə Uca Yaradan tərəfindən vacib buyurulub.
Fətvada qeyd olunur ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayında ehtiyacı olanlara, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – Quranı tilavət etmək, valideynlərin xeyir-duasını almaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib.
“Bölgə qazıları, səlahiyyətli nümayəndələr, imam və axundlardan, eləcə də dindarlarımızdan tələbimiz budur ki, digər mənbələrdən daxil olmuş, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərə müraciət edilməsin. Əminik ki, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi və yerli İcra Hakimiyyətlərinin müvafiq qurumları bu məsələdə bizə köməkçi olacaq, kütləvi informasiya vasitələri və sosial media məzhəb ayrı-seçkiliyinin yolverilməzliyi baxımından vacib olan bu təqvimin təbliği və yayılmasına məsuliyyətlə yanaşacaq. İnşallah, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 06-na təsadüf edəcək. Azərbaycan hökumətinin dini bayramlarımız olan Ramazan və Qurban bayramlarına ehtiramının göstəricisi kimi bu bayramlar dövlət səviyyəsində qeyd olunur. Bu, dövlətimizin dini dəyərlərə ehtiram və qayğısının təzahürü, din-dövlət münasibətlərinin yüksək səviyyəsindən irəli gələn məqamdır və dindarlar tərəfindən həmişə minnətdarlıqla qarşılanır. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xəbərdarlıq edir ki, müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək. Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, Qarabağ şəhidlərinin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərlik hisslərinin təbliğinə xüsusi diqqət yetirilsin. Duaların qəbul olunduğu mübarək Ramazan ayında biz müstəqilliyimizi əbədi edən Ulu Öndər Heydər Əliyevi rəhmətlə yad edir, dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə böyük işlər görən dövlət rəhbərimiz İlham Əliyev cənablarına Allah-Təaladan xeyir-dualar diləyirik. Duamız budur ki, Qadir Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü bərqərar etsin, gələn Ramazan iftarlarımızı doğma Qarabağın ürəyi olan Şuşada açmağı nəsib etsin, inşallah! Müsəlman qardaş və bacılarımızı mübarək Ramazanın gəlişi münasibətilə bir daha təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətlərimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən diləyirik! Allah oruc və namazlarınızı qəbul etsin! Amin!” – deyə Fətvada bildirilir.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz. Müəyyən sayda olan günləri (oruc tutmalısınız.) Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar)”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 183,184-cü ayələr)
“Oruca riayət etməyin vacib bir hökm olduğunu xatırladıqdan sonra, Uca Allah bildirir ki, müsəlmanın orucu qısa və yüngüldür. Bundan başqa, Allah Öz qullarının işini yüngülləşdirərək, xəstələrə və səfərdə olanlara buraxdıqları orucu başqa günlərdə tutmağa yol vermişdir. Xəstəlik və uzaq yola çıxmaq, adətən, insanlar üçün çoxlu çətinliklər törədir və buna görə Allah belə hallarda orucu pozmağa icazə verir. Lakin oruc hər bir mömin üçün olduqca xeyirli ayindir və buna görə Allah, xəstəlik qurtarandan və səfərdən qayıdandan və habelə insan rahat həyata başladıqdan sonra, buraxılmış oruc günlərinin əvəzini tutmağı əmr etmişdir.
Az sayda günlərin xatırlanması ona dəlalət edir ki, müsəlman buraxdığı oruc günlərini əvəz edərkən, ramazan ayında ötürdüyü günlərin sayına bərabər günlər qədər oruc tutmalıdır və eyni zamanda, buraxılmış yarım gün əvəzinə bütöv bir gün oruc olmalıdır. Əvəz edərkən buraxılmış qısa və soyuq gün əvəzinə, bir uzun və isti hava günü və əksinə, oruc tutulmasına icazə verilir” .(Bax: “Təfsir Əs-Saadi”)