Şəhidlər məscidindən xəbər var
1. 251 dəfə baxılıb
Bakıdakı “Şəhidlər” məscidi Heydər məscidi kimi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən idarə olunacaq, orada dini icma yaradılmayacaq.
“Sələf Xəbər”in məlumatına əsasən, bu barədə APA -ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Məsciddə təmir işlərinin davam etdirilməsinə ehtiyac olduğunu deyən M. Qurbanlı qeyd edib ki, məscid protokol üçün açıqdır və ora gələn qonaqlar protokol qaydasında dini ayinləri icra etmək imkanına malikdirlər: “Məsciddə hər hansı dini icma yaratmağa ehtiyac yoxdur. “Şəhidlər” məscidi bütövlükdə protokol xarakterli dini ayinlərin icrası üçün istifadə olunur və belə də davam edəcək. Burada müvafiq olaraq dini ayinləri icra etmək üçün Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən axund və imam təyinatları üçün nümayəndələr irəli sürülüb”.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə).
“Əgər ən böyük qanun pozanlar məscidlərdə Allahın adını zikr etməyi qadağan edən günahkarlardırsa, ən ləyaqətli möminlər, maddi və mənəvi cəhətdən məscidləri quranlardır. Məhz buna görə, Uca Allah buyurur: “Müşriklər küfr etdiklərini bildikləri halda, (onlara) Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar. Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar” (Müqəddəs Quran, “Tövbə” surəsi, 17-18-ci ayələr). Bundan əlavə, Allah məscidlər ucaltmağı, onlara hörmət bəsləməyi və abadlaşdırmağı əmr edib. Allah buyurur: “(Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (Müqəddəs Quran, “Nur” surəsi, 36-cı ayə). Məscidlərə, adı çəkilən gözəl ayələrdə məğzi şərh olunan bir çox dini ehkamlar şamil olunur” (Bax “Təfsir Əs-Saadi”).