Sərxoş sürücüləri maarifləndirən SMS-lər
723 dəfə baxılıb
Az miqdarda spirtli içki də sevincinizi kədərə çevirə bilər.
Sərxoş sürücülərin yollarda vəziyyəti faciəli etməməsi üçün də müəyyən addımlar atılır.
“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, sürücülərin sərxoş vəziyyətdə sükan arxasına oturmamalar üçün yeni maarifləndirici addım atılıb. Bu da onların sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmələrilə bağlı telefonlarına gələn SMS-lərdir.
Müraciətdə deyilir: “Əgər spirtli içki qəbul etmisinizsə, heç bir halda avtomobili idarə etməyin. Az miqdarda spirtli içki də sevincinizi kədərə çevirə bilər. Unutmayın ki, sükan arxasında sərxoş vəziyyətdə əyləşməklə özünüzün və başqalarının həyatına qəsd etmiş olursunuz. Sonradan ömür boyu peşmançılıq çəkməkdənsə, bu səhvə yol verməməyə çalışın. İçkilisənsə, sükanı unut, ayıq olana etibar et, insan həyatı daha önəmlidir!”
BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov sürücülərə göndərilən bu SMS-lərin idarə tərəfindən olmadığını, eyni zamanda hardan qaynaqlandığından da xəbərsiz olduğunu bildirdi. Amma atılan bu addımı müsbət qarşıladı.
Hər halda təbliğat xarakterli bu tipli SMS-lərin hər hansısa bir qurum və ya təşkilat tərəfindən göndərilməsi təqdirə layiqdir.
Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir. İnsana yalnız xeyir verən şeyləri əmr edir və yalnız ona ziyan vuran şeyləri qadağan edir.
Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.
Uca Allahının sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə),
“Öz əllərinizlə özünüzü təhlükəyə atmayın”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 195-ci ayə),
“Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 5-ci ayə)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sərxoşedici içkilər — bütün şərlərin açarıdır”. (İbn Macə)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun), həmçinin buyurmuşdur: “Sərxoş edən hər şey (maddə və s.) çox miqdarı da, az miqdarı da haramdır!” (Tirmizi, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir.)