Somalidə avtobusa hücum nəticəsində azərbaycanlı ana ölüb, 2 oğlu ağır yaralanıb
1. 191 dəfə baxılıb
Hadisədən xəbər tutan həyat yoldaşı koma vəziyyətinə düşüb.
Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində ölən və yaralanan Azərbaycan vətəndaşlarının kimliyi müəyyənləşib.
“Sələf Xəbər” Lent.az-a istinadən məlumat verir ki, hadisə zamanı Göyçayın Ləkçılpaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı ölüb, onun iki oğlu – 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdirilib.
Hadisə barədə xəbər tutan Kəmalə İsmayılovanın həyat yoldaşı İsmayılov Əflatun Veysəl oğlu koma vəziyyətinə düşüb. Bu barədə məlumatı APA-nın yerli bürosuna ailənin yaxın qohumu, Göyçay sakini Şahin Yaqubov verib. Onun sözlərinə görə, uzun müddət ailəsi ilə birgə Türkiyədə yaşayan və sonradan işləmək üçün Somaliyə göndərilən Ə. İsmayılov “Turkish Airlines” şirkətinin Somalidəki nümayəndəliyində və türk turizm şirkətində çalışır. Kəmalə İsmayılova isə Moqadişoda fəaliyyət göstərən Türk Özəl Liseyində müəllim olub. Türk liseyinin direktoru, Əflatun İsmayılovun yeznəsi Bülənt Ərgünəş telefonla zəng edərək onun qardaşı Aslan İsmayılova hadisə barədə məlumat verib. Bülənt Ərgünəşin sözlərinə görə, içərisində Azərbaycan və Türkiyə vətəndaşlarının olduğu liseyə məxsus mikroavtobus silahlı hücuma məruz qalıb. Həmin vaxt avtomobildə 6 müəllim və 6 şagirdin olduğu bildirilir. Nəticədə 6 nəfər ölüb, digərləri ağır yaralanıb.
Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə, Onundur. Nə verirsə, o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um!” (Buxari)