Uşaqları ilə İŞİD-ə qoşulduğu ehtimal edilən qadın haqda araşdırma başlanıldı
986 dəfə baxılıb
Dövlət Sərhəd Xidməti İŞİD terror xəvaric qruplaşmasına qoşularaq iki qızı ilə birlikdə Azərbaycan ərazisini qanunsuz şəkildə tərk etmiş qadınla bağlı yayımlanan yazıya reaksiya verib.
“Sələf Xəbər”in Virtual.az-a istinadən məlumatına görə, qurumun İstintaq və Təhqiqat İdarəsinin əməkdaşı Pənah Musayev bildirib ki, məsələ ilə bağlı araşdırma başlanılacaq. Onun sözlərinə görə, Suriyaya gedən ana və qızlarının ölkəni tərk etməsi faktı təsdiqlənərsə, o zaman buna yol vermiş şəxslər məsuliyyətə cəlb ediləcək: “Ailəsinin ölkəni tərk edərək Suriyaya getdiyini iddia edən vətəndaş İlqar Yusifovla əlaqə saxlanılacaq, əgər həqiqətən də dedikləri doğrudursa, o zaman araşdırma başladılacaq. İlk növbədə araşdırma aparılmalı, hadisəyə hüquqi qiymət verilməlidir. Ola bilər ki, həmin videolar Suriya ərazisindən deyil, başqa ölkənin, elə Azərbaycanın ərazisindən çəkilib və göndərilib. Bəlkə ailə heç Azərbaycanı tərk etməyib?”
P.Musayev onu da əlavə edib ki, qurum bu kimi halların baş verməməsi üçün korrupsiya ilə mübarizə aparır: “Biz korrupsiya hallarına yol vermiş əməkdaşlarımızla bağlı araşdırma aparırıq. Yol verdiyi qanun pozuntusu təsdiqini taparsa, həmin şəxs məsuliyyətə cəlb edilir”.
İlqar Yusifov isə sayta bildirib ki, hazırda Dövlət Sərhəd Xidmətinə gedir. O, bu dəqiqələrdə quruma çağırıldığını və məsələ ilə bağlı ətraflı məlumat verməsi üçün quruma yollandığını bildirib.
Qeyd edək ki, Bakı sakini İlqar Yusifov ailəsinin qanunsuz şəkildə ölkəni tərk etdiyini bildirib. O, həyat yoldaşı Pərvanə və qızları Nəzrin və Lalənin Suriyaya aparıldığını deyib, bu işdə Milli Təhlükəsizlik Nazirliyini, Daxili İşlər Nazirliyini və Dövlət Sərhəd Xidmətini günahlandırıb.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi ibn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)