XİN: Azərbaycan böyük sülh sazişi layihəsi üzərində işə başlamağa hazırdır
787 dəfə baxılıb
“Artıq regiondakı bütün münaqişələrin həllinə münasibətdə yekdil mövqe və həmrəylik nümayiş etdirməyin vaxtıdır”.
“Ermənistan-Azərbaycan münaqişəsi Şərq Tərəfdaşlığının çoxtərəfli çərçivəsindən tam istifadə edilməsi üçün mane olaraq qalmaqdadır və Aİ-nin birbaşa qonşuluğunda ciddi təhlükə olmaqda davam edir”.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Xarici İşlәr nazirliyindәn verilәn mәlumata görә, bu sözlәri Xarici İşlәr naziri Elmar Mәmmәdyarov Şərq tərəfdaşlığında iştirak edən ölkələrin Xarici İşlər nazirlərinin 6-cı görüşündə çıxışı zamanı deyib.
Onun sözlәrinә görә, Vilnüs sammitindən sonrakı hadisələr təəssüf ki, digər münaqişənin başlanması da daxil olmaqla, bütün Şərq Tərəfdaşlığı regionuna çoxsaylı çağırışlar gətirib. Şərq Tərəfdaşlığı məkanında bütün münaqişələr oxşar senari üzrə cərəyan edib və ərazi bütövlüyünün pozulması, işğal və separatizm kimi eyni ağır nəticələrə gətirib çıxarıb: “Ermənistan-Azərbaycan münaqişəsi Şərq Tərəfdaşlığının çoxtərəfli çərçivəsindən tam istifadə edilməsi üçün mane olaraq qalmaqdadır və Aİ-nin birbaşa qonşuluğunda ciddi təhlükə olmaqda davam edir. Biz bununla əlaqədar olaraq Aİ-nin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığına ardıcıl öhdəliyi ilə regionda mövcud olan təhlükəsizlik çağırışlarına qəti cavab nümayiş etdirməsini gözləyirik və BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar olaraq qəbul etdiyi müvafiq qətnamələrinin çox tezliklə yerinə yetirilməsinə israrla çağırırıq. Biz Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin region xalqları və bütün beynəlxalq ictimaiyyətin uzun müddət gözlədiyi sülh və təhlükəsizlik gətirəcəyinə qətiyyətlə inanırıq”.
Nazir bildirib ki, Azərbaycan böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq və regiona sülh və sabitlik gətirmək üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına dəfələrlə hazırlığını ifadə edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir”. (Qurani-Kərim, “Ənfal” surəsi, 61-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, Əbdurrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Sənin əleyhinə döyüşən qeyri-müsəlmanlar sülh müqaviləsi imzalamaq və döyüş əməliyyatlarına son qoymaq istəsələr, sən də sülh müqaviləsi imzalamağa razılaş və Allaha təvəkkül et! Həqiqətən, sülh sazişi bağlamaq böyük fayda gətirə bilər”. (Bax: “Təfsir Əs-Saadi”)