Zakir Həsənov cəbhədə açılış edib – FOTO
1. 242 dəfə baxılıb
Müdafiə naziri müvafiq tapşırıqlarını verib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, ön xətdə yerləşən birləşmənin taboru üçün yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən hərbi hissə istifadəyə verilib.
“Sələf Xəbər” Oxu.Az-a istinadən bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi açılışda iştirak edərək yeni inşa edilən qərargah, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi, nəzarət-buraxılış məntəqəsi, əsgər yataqxanası, o cümlədən inzibati, xidməti, ideoloji, istirahət və silah otaqları, əşya və ərzaq anbarları ilə tanış olublar.
Hərbi hissənin ərazisində daimi avtomatik generator quraşdırılıb, su, qaz, işıq və digər kommunikasiya xətləri təchiz edilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən hərbi hissəyə yaxın kəndlərdə yaşayan və burada işlə təmin edilən mülki heyətlə görüşüb, onların şəraiti ilə maraqlanıb.
Sonra Müdafiə naziri hərbi hissənin şəxsi heyətinə Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
Müdafiə naziri cəbhəboyu zonada ön xətt boyu yerləşən yeni hərbi hissələrin tikintisi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Uca Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)