Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ziyafət Əsgərovdan önəmli açıqlamalar

Aprel 23
16:08 2015

“Erməni terrorunun əsas atəş nöqtəsi Azərbaycan və Türkiyədir. Elə bu günün özündə də ermənilərin Şimali Qafqaza, Gürcüstana ərazi iddiaları var. Azərbaycana və Türkiyəyə ərazi iddialarında olduğunu hər kəs bilir. Fikrimcə, bütün bunların kökündə dənizdən-dənizə erməni dövləti yaratmaq ideologiyası durur. Bu, xəstə ideologiyadır. Baxmayaraq ki, Ermənistanın dənizlə əlaqəsi yoxdur, amma belə xəstə ideologiyanı əsas götürərək yüz illərdir ki, fəaliyyət göstərirlər. Hesab edirəm ki, buna nail ola bilməyəcəklər. Çünki bu ideologiyanın əsasında öldürmək, qan tökmək, terror durur”.

“Sələf Xəbər” Teleqraf.com-a istinadən məlumat verir ki, bunu Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, vaxtilə ermənilər Qarabağ məsələsini dini, irqi, milli ayrı-seçkilik qismində təqdim etməyə, beləcə ərazi iddiasını pərdələməyə çalışıb: “Yəni məsələni milli-etnik qarşıdurma kimi təqdim etməyə, azərbaycanlılarla ermənilərin bir yerdə yaşamaq imkanlarının olmadığını göstərməyə çalışırdılar. Azərbaycanın informasiya blokadası zamanı bunu müəyyən qədər şüurlara da yeridə bildilər. Ancaq sonradan həqiqətlər üzə çıxdı, bəlli oldu ki, burada milli-etnik qarşıdurma deyil, ərazi iddiası var”.

Bakıda qeyri-rəsmi 50 min erməni yaşayır
Vitse-spiker daha sonra söyləyib ki, bu gün Bakıda 30 min erməni yaşayır: “Hətta qeyri-rəsmi onların sayının 50 min olduğu söylənilir. Bakının mərkəzində erməni kilsəsi təmir edilib. Amma işğal edilən Azərbaycan ərazilərində bizim milli dəyərlərimizi özündə əks etdirən bütün abidələr dağıdılıb. Ermənilər Azərbaycanda 30-dan çox terror aktı törədib. Bunlar metroda, avtobusda və digər yerlərdə edilib”.

Qorbaçov ABŞ-da erməni diasporasına söz vermişdi ki…
Z.Əsgərov qeyd edib ki, SSRİ-nin dövlət başçısı Qorbaçov Amerikada səfərdə olan erməni diasporası tərəfindən ələ alınmışdı və söz vermişdi ki, Dağlıq Qarabağ Ermənistanın olacaq: “Müttəfiq ölkələrin birliyinə rəhbərlik edən dövlət başçısı müttəfiq respublikalardan birinin ərazisinə xəyanət gözü ilə baxırdısa, həmin ölkə dağılmalı idi. Mən hesab edirəm ki, bu problemin həll edilməsində məsuliyyət müəyyən mənada Rusiyanın üzərinə düşür. Çünki Rusiya SSRİ-nin hüquqi varisidir. Bu, BMT-də təsdiq edilib. Əgər bu məsələ SSRİ tərəfindən süni şəkildə yaradılıbsa, varis də istər-istəməz problemin həllində köməyini əsirgəməməlidir”.

Ukraynaya münasibətdə bir cür, Azərbaycana başqa cür yanaşma niyə olmalıdır?
Milli Məclis sədrinin müavini qeyd edib ki, vaxtında Dağlıq Qarabağ münaqişəsinin qarşısı alınsaydı, tamam başqa vəziyyət yaranardı: “Baxın, Qarabağdan sonra Abxaziya və Osetiya münaqişəsi, Moldovada Dnestryani konflikt, indi isə Ukraynada analoji problem yaranıb. Bir məsələ həll edilməyəndə onun arxasınca zəncirvari münaqişələr yaranır. Bu da ondan irəli gəldi ki, dövlətlər vaxtında Azərbaycanın ərazi bütövlüyü məsələsində konkret mövqe tutmadı. Bu saat Avropanın başı buna qarışıb, gücünü ortaya qoyur ki, Ukraynada bunu həll etsin. Yaxşı, Ukraynaya münasibətdə bir cür, Azərbaycana münasibətdə başqa cür yanaşma niyə olmalıdır? Niyə bütün Avropa, Birləşmiş Ştatlar gücünü ortaya qoyaraq Ukraynanın ərazi bütövlüyünü təmin etməyə çalışır, Azərbaycana gəldikdə isə bunu etmirlər?
Baxmayaraq ki, BMT-nin 4 qətnaməsi, Avropa Birliyinin, Avropa Şurasının, İslam Konfransı Təşkilatının qərarı var. Təəssüf edirəm ki, burada ikili standartlar ortaya çıxır”.

Arxivlər açılıb, tarixçiləri gəlib işləsin, sonra genosiddən danışsınlar
Saxta erməni “genosid”indən danışan vitse-spiker bildirib ki, bu haqda Türkiyə dövlətinin prezidenti və Baş naziri səviyyəsində çağırışlar edilib: “Təklif olunub ki, beynəlxalq komissiya yaradılsın. Osmanlı dönəminin arxivləri açıqdır. Ermənistandan, Avropadan və ABŞ-dan olan tarixçilər birgə işləsin, müəyyən olunsun ki, soyqırımı olub, ya olmayıb. Bu məsələyə birdəfəlik nöqtə qoyulmalıdır. Ermənilərin özləri də bilir ki, belə bir genosid olmayıb. Ancaq real genosid Azərbaycan ərazisində, Xocalıda olub”.

Sapı özümüzdən olan baltalar…
Son zamanlar Azərbaycan haqqında beynəlxalq mediada yazılanlara gəldikdə Z.Əsgərov deyib ki, Azərbaycan dövləti belə sınaqlardan çox çıxıb: “Bu səbəbdən də, narahat olmağa ehtiyac yoxdur. “Avrovision” müsabiqəsi zamanı gördünüz ki, bəzi xarici təşkilatlar və sapı özümüzdən olan baltalar çalışdılar Azərbaycanın imicini pis formalaşdırsınlar. İndi yenə başlayıblar, mənəvi, hüquqi və siyasi əsası olmayan bəyanatlar verirlər. Ancaq Azərbaycanın inkişafı göz qarşısındadır, biz birinci Avropa Oyunlarına hazırlaşırıq, olimpiya idman oyunları qurğuları istifadəyə verilib. Biz gözləyirik ki, idman yarışı yüksək səviyyədə keçiriləcək. Bəzi Avropa QHT-ləri özlərini insan hüquqlarının müdafiəçisi adlandırırlar. Bəs, niyə Xocalı haqqında susurlar, bir milyon məcburi köçkündən danışmırlar. Baxın, görün nə qədər standartlar var. Fikrimcə, hər kəs ayıq olmalıdır”.

Sələf Xəbər: İkinci xəlifə Ömər ibn Xəttab (Allah ondan razı olsun) demişdir: “Biz elə bir ümmətik ki, Allah bizi İslam ilə izzətləndirib. Əgər biz İslamdan qeyrisində (qərbdə, avropada) izzət axtarsaq, Allah bizi zəlil edər”. (Müstədrək Hakim)
Uca Allahdan xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər