1 adamı öldürən müsəlman terrorçu, 59-nu öldürən xristian isə…
2. 176 dəfə baxılıb
Bir neçə gün əvvəl ABŞ-ın Las-Veqas şəhərində terakt törədən şəxsin xristian dininə mənsub, yerli vətəndaş olması müəyyən edilib. O, odlu silahdan atəş açaraq 59 nəfərin ölümünə, 527 nəfərin yaralanmasına səbəb olub. ABŞ polisi bildirib ki, həmin şəxsin hansısa terror qruplaşmasına üzv olub-olmaması məsələsi araşdırılır. Maraqlısı budur ki, əgər qətli törədən şəxs islama etiqad edirsə, ona dərhal terrorçu damğası vurulur. Eyni hadisəni xristian törədəndə isə din məsələsi o qədər də qabardılmır.
Selefxeber.az-ın məlumatına görə, dinlərarası ayrı-seçkiliyə yol verilməsi, müsəlmanların terrorçu kimi qəbul edilməsi barədə “Axar.az”a açıqlama verən millət vəkili Fazil Mustafa bu hadisənin kökündə dayanan ünsürlərdən danışıb. O bildirib ki, bu, bütövlükdə islamafobiya ilə bağlı olan məsələdir:
“Dünya əhalisinin bir qismi düşünür ki, əgər kimsə müsəlmandırsa, o istənilən vaxt terror törədə bilər. Bu, tamamilə yanlış düşüncədir. İslama qarşı mənfi düşüncənin formalaşmasında islam dünyasının özünün də günahı var. Məsələn, iki gün əvvəl baş tutan Aşura mərasimini izləmiş ölkəmizdəki əcnəbi qonaq islam dini haqda nə düşünə bilərsə, ABŞ və digər dövlətlər də təqribən elə düşünürlər. Beləliklə, onlar müsəlmanlara potensial İŞİD, Hizbullah üzvü kimi baxırlar. Düşünürəm ki, islam dünyasına qarşı formalaşan mənfi imici elm, təhsil, mədəni yollarla aradan qaldırmaq mümkündür”.
F.Mustafanın sözlərinə görə, hazırda dünyada insanların beynində formalaşmış islam anlayışı əsl islamdan tamamilə uzaqdır:
“Məsələ burasındadır ki, kütləvi qətllər törədən istər İŞİD üzvü, istərsə də İran yönümlü dini anlayışa sahib qüvvələrin insana münasibəti ilə peyğəmbərin insanlara münasibəti eyni deyil. Əgər araşdırsaq, görərik ki, bu cür düşüncə tərzinə sahib insanların davranışlarının əlamətlərini peyğəmbərin həyat tərzində tapmaq mümkün deyil. Peyğəmbərimiz insanlara sağlam münasibət göstərib. O, əsiri əsir, döyüşçünü isə döyüşçü kimi qiymətləndirib. Bu, örnək götürüləsi şeydir. Sadəcə, şiddət tərəfdarı olan və insanları öldürən bu kəslər Quranı avazla oxuyublar, lakin mənasını anlamayıblar. Ona görə də Qərb ölkələrində bəzi qüvvələrin kəşfiyyat orqanları İŞİD, İran zehniyyətindən istifadə edərək, islamı cahillik və nadanlıq dini kimi təqdim edirlər.
Liviyada, Misirdə, Fələstində və başqa yerlərdə ana-atasız böyüyən uşaqların əksəriyyəti ayrı-ayrı xarici ölkələrin kamplarında militan kimi yetişdirilir. Bildiyim qədər, İranda 3.5 milyondan çox atasız doğulmuş uşaq var. Bəzi qruplar həmin uşaqların militan kimi yetişdirilməsinə münbit şərait yaradır və beləliklə, onlar “islam qoruyucusu” adı ilə istər Liviyada, istər Livanda islamı zorakı din kimi qabartmağa çalışırlar. Aydındır ki, bu, Qərbin bir proyekti, layihəsidir. Təbii ki, bütün bunlar da mötədil islam anlayışından çox uzaqdır. Ona görə də bu insanlara ən gözəl nümunə Hz. Məhəmmədin həyatıdır. O, həyatında qadını bir dəfə döyməyib, təhqir etməyib. Peyğəmbərin xanımı Aişə öz dövrünün savadlı qadınlardan biri olub. Bu gün isə müsəlman aləmində qadınların əksəriyyəti savadsız, əsilsiz, qara çadranın altında yetişir. Bu gün islam dünyasının 90%-ni cahillər, 10%-ni aydınlar təşkil edir”.
F.Mustafanın fikrincə, “terrorçunun dini” yanlış anlayışdır:
“Terakt törədən şəxs xristian və ya yəhudi də ola bilər. Ona görə də bu məsələyə dini prizmadan yanaşmaq düzgün deyil. Fikrimcə, “terrorçunun dini, imanı” anlayışı yoxdur. İnsan öldürməyə qalxan adamın islamla əlaqəsi ola bilməz. Kimisə günahsız yerə öldürmüsənsə, cəhənnəmliksən!
Əslində, ABŞ-da baş verən hadisələr sırf həmin cəmiyyətin yaratdığı problemlərdən irəli gəlir. Əgər dövlət odlu silahın açıq satışına icazə verirsə, belə xoşagəlməz hadisələrə qarşı tədbirli olmalıdır. Nəzərə almaq lazımdır ki, silah alan 10 nəfərdən 9-u ağıllı adam ola bilər, biri isə yox”.