ABŞ-da məscidə daşla hücüm edilib
730 dəfə baxılıb
Diyanət İşləri rəhbərliyi və Axısxa Türk Amerika Dərnəkləri Şurasının ABŞ-ın Massaçusets ştatında tikdirdiyi Axısxa Türk Amerika Mədəniyyət mərkəzi və məscid naməlum maskalı bir qrup tərəfindən daşlı təcavüzə məruz qalıb.
“Sələf Xəbər” Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyənin Vaşinqton Səfirliyi Din Xidmətləri müşaviri Yaşar Çolaq, təcavüzün yerli vaxtla saat 20.15 radələrində baş verdiyini deyib.
Müşavir bildirib ki, üzü maskalı 5 gənc, Axısxa türklərinin sıx yaşadığı Massaçusets ştatının West Sprinqfilds şəhərində məscidin şüşələrini daşla sındırıblar. Məsciddə olan 3 nəfərdən heç biri xəsarət almayıb.
ABŞ-da xüsusilə son dövrdə İslamafobiya hücumlara diqqəti çəkən Yaşar Çolaq deyib: “Hücumun hansı məqsədlə edildiyini araşdırırıq. Bir nəticəyə gəlib bu istiqamətdə addımlar atacağıq. Məscidimizə sahib çıxacağıq”.
Axısxa Türk Amerika Mədəniyyət Mərkəzinin Sədri Mehdi Osmanlı hadisədən 1 saat sonra hadisə yerinə gələn polisə bildirib ki, hadisə zamanı məsciddə yalnız İmam Osman Çalkayanın həyat yoldaşı və 2 uşağı olub. Hadisə barəsində istintaq başlayıb. Osmanlı, hücumla əlaqədar olaraq Türkiyənin Boston Baş Konsulluğuna məlumat verdiklərini, dərhal ətrafda yaşayan türklərin mərkəzə yığıldıqlarını söyləyib.
Qeyd edək ki, Axısxa Türk Amerika Mədəniyyət mərkəzi və məscid mart ayında AKP-nin İstanbul Millət vəkili Mətin Külüngün başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə istifadəyə verilib.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)