ABŞ-ın kürdlərə böyük hərbi yardımı
780 dəfə baxılıb
Dünən İraqın Ərbil şəhərində ABŞ ilə İraq Kürd Regional Rəhbərliyi (İKBY-İKRR) arasında hərbi protokol imzalanıb.
Selefxeber.az Axar.az-a istinadən xəbər verir ki, protokolu ABŞ tərəfindən Müdafiə nazirinin müavini Elissa Slotkin, İKRR tərəfdən isə Müdafiə naziri Kərim Sincar imzalayıb.
Mərasimə İKRR lideri Məsud Bərzani də qatılıb.
İKRR Peşmərgə Nazirliyinin Baş katibi Cabbar Yavər “Anadolu” agentliyinə müsahibəsində anlaşmanın detallarını açıqlayıb.
Razılaşmaya əsasən, Mosulun İŞİD-dən azad edilməsi üçün başlanan əməliyyatda iştirak edəcək peşmərgə qüvvələrinin maaşı ABŞ tərəfindən ödəniləcək. Əməliyyatdan sonra isə peşmərgə Mosulu tərk edəcək:
“ABŞ ilkin mərhələdə maaşların və digər döyüş xərclərinin ödənilməsi üçün 450 milyon dollarlıq bir büdcə göndərəcək. Bu büdcə hesabına peşmərgə döyüşçülərinin maaşı ödəniləcək. İŞİD-lə mübarizə sona çatana qədər ABŞ-ın yardımı davam edəcək”.
Mosul əməliyyatı barədə məlumat verən İKRR rəsmisi təxminən 50 min kürd döyüşçünün səfərbər olacağını deyib:
“Hazırda Mosulu üç tərəfdən mühasirəyə almışıq. Peşmərgənin bölgədə təxminən 40-50 min döyüşçüsü var. Lakin şəhər mərkəzinin azad edilməsi üçün plan hazırlanmayıb”.
Xatırladaq ki, İŞİD terrorçuları 2014-cü ildən bəri Mosula nəzarət edir.
Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir, 1-ci kaset, A tərəfi).