ABŞ İrana qarşı ərəb ölkələrindən ibarət hərbi ittifaq yaradır – “The Wall Street Journal”
2. 683 dəfə baxılıb
ABŞ prezidenti Donald Trampın administrasiyası İrana qarşı hərbi ittifaqın yaradılması ilə bağlı bir sıra ərəb dövlətləri ilə danışıqlar aparır. İttifaq İsraillə informasiya mübadiləsi edilməsini də nəzərdə tutur.
Selefxeber.az-ın məlumatına görə, “Avropa.info” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzetində dərc olunan məqalədə deyilir.
Qəzetin yazdığına görə danışıqlar ilk növbədə Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və İordaniya, sonrakı mərhələdə digər dövlətləri əhatə edəcək. Yeni hərbi ittifaqın NATO nümunəsində yaradılması planlaşdırılır. Əgər üzvlərdən birinə hücum olarsa, bu hücuma ittifaqın bütün üzvləri reaksiya verəcək. Lakin detallar hələ ki, hazırlanır.
Məqalədə qeyd olunur ki, ABŞ və İsrail alyansın üzvü olmayacaqlar. ABŞ tərəfi hərbi və kəşfiyyat sahəsində dəstək verəcək.
“ABŞ administrasiyasının nümayəndələri Vaşinqtondakı səfirlikdən bizim İsraillə qüvvələrimizi birləşdirmək ehtimalımız haqda soruşdular. İsrailin rolu yalnız kəşfiyyat məlumatlarının mübadiləsi ola bilər, lakin onlar quru əməliyyatlarında və onların hazırlanmasında iştirak edə bilməzlər. Onlar yalnız hədəflər haqqında kəşfiyyat məlumatları təqdim edə bilərlər” – ərəb ölkələrinin diplomatlarından biri belə deyib.
Qəzetin informasiyasına görə, Səudiyyə Ərəbistanı və BƏƏ İsraillə informasiya mübadiləsinin şərti kimi Trampdan ABŞ vətəndaşlarının 11 sentyabr terror aktına görə Səudiyyə Ərəbistanı məhkəməyə vermək hüququnu təmin edən qanunun ləğvini istəyir.
Tramp administrasiyası müttəfiqlərini əmin edib ki, qanunu ləğv edə bilərlər. Qəzet yazır ki, danışıqlar zamanı hər hansı irəliləyişin olması məlum deyil.