ABŞ Suriyaya xəbərdarlıq edir
981 dəfə baxılıb
Selefxeber.az xəbər verir ki, “Eurasiadiary.com”un məlumatına görə, Ağ ev bildirib ki, Suriya hökumətinin ikinci kimyəvi silah hücumuna hazırlaşdığı görünür və xəbərdarlıq edib ki, bu baş verərsə, Suriya bədəlini ödəyəcək.
Ağ evin iyunun 26-da axşam yaydığı xəbərdarlıqda deyilir ki, Suriyanın apardığı hazırlıq işləri aprelin 4-dən öncəkinə bənzəyir. Ozamankı kimyəvi hücumda onlarla dinc sakin öldürülmüşdü, bundan sonra prezident Donald Trump Suriya hava bazasına raket zərbəsi endirmişdi.
«Daha əvvəl dediyimiz kimi, Birləşmiş Ştatlar «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasını məhv etməkdən ötrü Suriyadadır», – sözçü Sean Spicer deyib.
«Ancaq prezident Bashar al-Assad kimyəvi silahlarla daha bir kütləvi qırğın hücumu həyata keçirsə, o və ordusu buna görə ağır bədəl ödəyəcək», – o, sözlərinə əlavə edib.
Trump apreldəki hücumun zəhərli qazla törədildiyini deyərək Şayrat hava bazasına zərbə endirmişdi. Suriya isə bu ittihamı rədd edib. Assad hökumətinin törətdiyi hücumda azı 70 nəfər həlak olub.
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonu Suriya ordusuna qarşı təxribatların qarşısının alınmasında dəstək nümayiş etdirməyə çağırıb.
Metbuat.az isə xəbər verir ki, rəsmilərin telefon danışığı ABŞ dövlət katibinin təşəbbüsü ilə baş tutub.
Danışıq zamanı Lavrov Tillersonu terrorçulara qarşı mübarizə aparan Suriya ordusuna lazımi yardımın göstərilməsinə çağırıb.
Tərəflər Suriyada atəşkəsin Astana danışıqları çərçivəsində qorunması, terrorçu qruplaşmalara qarşı mübarizənin gücləndirilməsi, kimyəvi silahlardan istifadənin qarşısının alınması istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıb.
Moskva ABŞ-ı Suriya ordusunu vurmamağa çağırıb