Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Alan Henninqin qətli Britaniyalı müsəlmanların qəzəbinə səbəb olub

Oktyabr 08
16:47 2014

“Sələf Xəbər” Guardian qəzetinə istinadən Britaniyalı müsəlmanların Alan Henninqin İslam Dövləti (İD) terror xəvaric qruplaşması tərəfindən vəhşicəsinə qətl edilməsi ilə bağlı qəzəb və kədərlərini ifadə etdiyini bildirir.

Salfordlu taksi sürücüsünün ailəsi onun ölüm xəbərini eşitdikdə kədərdən dillərinin söz tutmadığını bildiriblər. Birləşmiş Krallığın islam icmasının bir çox üzvləri humanitar yardım konvoyu könüllüsünün Qurban bayramı ərəfəsində azadlığa buraxılacağına ümid edirdi.

Yaşadığı şəhərdə insanlar onun üçün dua edir, 100-dən çox nüfuzlu islam lideri onun azad edilməsi üçün müraciət edirdi. Lakin, onun başının kəsilməsini əks etdirən dəhşətli video görüntülər bütün ümidlərə son qoydu və insanların qınağına səbəb oldu.

Britaniyanın 500-dən çox qurumunu təmsil edən ən böyük islam təşkilatı Britaniya Müsəlman Şurasının baş katibi Harun Xan deyib: “Dünən çox əhəmiyyətli gün idi, çünki bu gündə insanlar Allahdan onları bağışlamasını və xilas etməsini diləyir. Bu hadisə sülh günü baş verdiyi üçün, bir çox insanlar sarsıntı keçirdi. Əgər İŞİD terror xəvaric qruplaşması həqiqətən təbliğat müharibəsində qalib gəlmək istəsəydi, Alanı azad edərdilər. Onlar İslamçı deyil: onları heç kim tanımır və onlar dinə basqın edirlər”.

Humanitar yardım konvoyunda Henninqlə birgə olan və onu Suriyadakı insanlara kömək etməyə həvəsləndirən Boltonlu Kasim Cəmil deyib: “Mənim ürəyim parçalanır. Nə demək olar? Sənin üçün mühüm olan bir insanı itirəndə, bunu sözlərlə ifadə etmək olmur”.

Henninqin həyat yoldaşı Barbaranın sözlərinə əsasən, o və iki uşağı dərd-qəmə batıblar və heç vaxt eşitməyəcəklərinə ümid etdikləri xəbəri eşidiblər. O ailəsinə dəstək olan hər kəsə öz təşəkkürünü bildirib: “Bu ağır sınaq zamanı bizə bir çox insanlar dəstək oldular. Hökumət, Böyük Britaniya Xarici İşlər Nazirliyi və Böyük Mançester polisi lap əvvəldən bizim yanımızda oldu və biz başa düşdük ki, ən çətin vəziyyətdən də çıxa bilərik.

Biz həmişə bilirdik ki, Alan təhlükədədir, lakin ümid edirdik ki, o evimizə qayıdacaq. Amma qayıtmadı. Mən Alanın azad olunması üçün kampaniyalar təşkil edən, onun sağ-salamat evə qayıtması üçün dualar edən və onu tutanları qınayan hər kəsə öz təşəkkürümü bildirirəm”.

Bir çox müsəlmanlar Qurban bayramının başlaması ilə cihadçıların dəhşətli video görüntüləri yaymasını düşünülmüş təxribat kimi qəbul edib. Baş nazir Devid Kameron, Henninqin vəhşicəsinə öldürülməsinə görə məsuliyyət daşıyan döyüşçüləri məhv etmək üçün hökumətin bütün vasitələrə əl atacağını bildirib.

MI5 Təhlükəsizlik Xidməti də daxil olmaqla, Böyük Britaniyanın Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və kəşfiyyat idarəsi sədrləri ilə görüşən Devid Kameron Henninqi “sülhsevər, mehriban və mülayim bir insan” kimi təsvir edib.

Henninq keçən il Milad bayramından bir gün sonra qeyd olunan hədiyyələşmə günündə, Suriyaya sərhədini keçdikdən saat yarım sonra oğurlanıb. O müsəlman qaçqınlara geyim və qida daşıyan maşını idarə edirmiş.

Onun buraxılması üçün danışıqlar prosesinə kömək edən rejissor Bilal Əbdul Kərim Henninq əsir düşdükdən 4 gün sonra əl-Qaidə nümayəndəsinin İŞİD terror xəvaric qruplaşması döyüşçülərinə müraciət edərək onu buraxmalarını xahiş etdiyini bildirib. Onlar Henninqi buraxacaqlarını bildirsələr də, nəticə belə olmayıb.

Müsəlman Təşkilatları Federasiyasının nümayəndəsi Süleyman Nağdi Leyçesterdə Henninq üçün keçirilən dua mərasimindən qayıdarkən bu xəbəri eşidib: “Biz bu İslam və Dövlət anlayışlarını bir-birindən fərqləndirməliyik” – o deyib. Bu fərdlərin İslamla əlaqəsi yoxdur, heç dövlətləri də dövlət deyil. İŞİD-ə rəğbət bəsləyənlərə bir sadə sualım var: kim Quranın hökmlərinə daha yaxın davranış nümayiş etdirib, İŞİD terror xəvaric qruplaşması yoxsa Alan Henninq?

 Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər