Alman futbolçu müsəlman oldu – FOTO
1. 170 dəfə baxılıb
Almaniyanın “Nürnberg” komandasının yarımmüdafiəçisi Danni Blum İslamı qəbul edib.
“Sələf Xəbər”in Axar.az-a istinadən məlumatına görə, alman mətbuatı futbolçunun 5 vaxt namaz qıldığını, tez-tez məscidə gedərək ibadət etdiyini, spirtli içkilərdən uzaq durduğunu və qidalarda halal qidaları seçdiyini bildirib. Alman mətbuatının yazdığına görə, o, ibadət edəndə belə başqalarını narahat etməməyə çalışır.
Futbolçunun özü isə İslam dininə keçməsi haqqında suallara cavab verəndə bildirib ki, əvvəllər futboldan kənarda əyləncələrlə dolu və məsuliyyətsiz həyatı olub. “Zaman-zaman yaşadığım həyatın hər şey olmadığını anladım və bu haqda düşünməyə başladım. İnternetdən və kitablardan dinlər haqqında araşdırmalar apardım və İslam dini mənə çox maraqlı gəldi. Bu araşdırmalar və öyrəndiklərim məni bu yola, yəni İslama daha da yaxınlaşdırdı. Beləcə, mən müsəlman oldum. Artıq həyata həmişə pozitiv baxıram”, – deyə futbolçu bildirib.
Futbolçu, həmçinin, qeyd edib ki, İslam barış dinidir. “Mənim inancım heç kəsi istəmədiyini etməyə məcbur etmir. Seçimimi bildirəndə kimsə mənə pis söz söyləmədi. Olsa belə, bu, məni yolumdan döndərə bilməz. Hər kəsin özünə görə inancı var”.
Danni Blum ailəsinin bu qərarına reaksiyası haqqında danışanda qeyd edib ki, ailəsi əvvəlcə təəccüblənsə də, sonradan “Bu, sənin öz seçimindi” deyib.
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 19-cu ayə)
“Uca Allah bildirir ki, İslam – yeganə dindir ki, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təslim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir. Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 85-ci ayə). Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir.” (Bax: “Təfsir Əs-Saadi”)