Almaniya İŞİD-ə qarşı mübarizədə yeni tədbirlər görür
942 dəfə baxılıb
“Sələf Xəbər”-in TRT Azərbaycan-a istinadən məlumatına görə, Almaniya, İŞİD-ə qatılmaq üçün Suriya və İraqa gedən alman vətəndaşlarına qayıtdıqları zaman ölkədə təhlükə tǝşkil etməməsi üçün daha sərt tədbirlər görməyə hazırlaşır.
Almaniya Əyalət daxili İşlər nazirləri paytaxt Berlində bir araya gəlib.
Federal Daxili İşlər naziri Tomas de Maziyerin rəhbərliyi altında keçirilən Daxili İşlər nazirləri konfransında önəmli qərarlar qəbul edilib.
Daha öncə İŞİD təşkilatının bütün fəaliyyətlərini qadağan edən Almaniya, bundan sonra İŞİD-ə qatılmaq üçün ölkədən ayrılan şəxsləri daha diqqətlə izləyəcək.
Toplantıdan sonra açıqlama verən Maziyer, xalqın təhlükəsizliyinin zəmanət altına alınmasının ön planda olacağını bildirib.
Daxili İşlər naziri, bu mövzuda şübhəli şəxslərin pasportlarının və vəsiqələrinin geri götürülməsi vǝ yerinə müvəqqəti sənədlər verilməsinin Almaniyanın təhlükəsizliyi baxımından önəmli olduğunu vurğulayıb.
“Bununla da şübhəli şəxslərin ölkə xaricinə çıxmasının və ölkəyə qayıdıb burada hər hansı akt törətmələrinin bir mənada qarşısı alınacaqdır”, Daxili İşlər naziri vurğulayıb. Nazir əlavə edib ki, Almaniyanın təkbaşına bu cür tədbir görməsi kifayətli olmayacaqdır. Belə tədbirlər bütün Şengen bölgəsini əhatə etməlidir.
Sələf Xəbər: Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.
Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.
Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhusulət-təfsir, 1-ci kaset, A tərəfi).