Ankaranın bu niyyəti İrəvanda niyə sevinclə qarşılandı?
913 dəfə baxılıb
Türkiyənin Avrasiya İttifaqı ilə gömrük razılaşmasını imzalaması Azərbaycanı seçim qarşısında qoya bilər.
Selefxeber.az-ın məlumatına görə, bu sözləri “Axar.az”a Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçinin Avrasiya İttifaqı ilə gömrük razılaşmasının imzalanmasına dair bəyanatının erməni mətbuatında sevinclə qarşılanmasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Qərb ölkələri ilə münasibətləri korlayan Türkiyənin üzünü Rusiyaya tərəf çevirdiyini bildirib:
“Avrasiya İttifaqı Rusiyanın başçılığı altında iqtisadi birlikdən daha çox, SSRİ prototipində bir iqtisadi-siyasi təşkilatdır. Əslində, Türkiyə Gömrük İttifaqına qoşulmaq niyyətindədir. Ankara bu ölkələrin bazarlarına giriş axtarır və gömrük rüsumlarından azad olmaq istəyir. Bəlkə də bu, Türkiyəyə müəyyən iqtisadi üstünlüklər qazandıra bilər, ancaq həmin addımlarla bağlı proqnozlar verərkən ürəkaçan nəticələrə gəlmək mümkün deyil. Çünki Azərbaycan bir qayda olaraq xarici siyasətdə Türkiyəyə meyilli mövqe nümayiş etdirir. İndiki məqamda Avrasiya Birliyi ilə yaxınlaşmaq üçünsə əsasımız yoxdur”.
Sözügedən saziş imzalanacağı təqdirdə Ermənistanın bundan sərhədlərin açılması üçün Türkiyəyə qarşı istifadə edə biləcəyi məsələsinə gəlincə, politoloq qeyd edib ki, razılaşmanın imzalanması öz növbəsində Ermənistanla əlaqələrin intensivləşdirilməsini tələb edir:
“Ermənilərin şadyanalığı da məhz bununla əlaqədardır. Rusiya və digər ölkələr bundan istifadə edərək sərhədlərin açılması üçün Türkiyəyə təzyiq göstərə bilərlər. Günlərin birində sərhədlərin açılması məsələsi avtomatik olaraq gündəmə gələcək. Xarici siyasətimizi Türkiyə ilə uzlaşdırmağa çalışdığımız üçün bu nümunə Bakıda anlaşılmaya bilər. Türkiyənin Gömrük İttifaqı ilə yaxınlaşması və ya gələcəkdə Avrasiya Birliyinə üzvlük məsələsinin gündəmə gəlməsi geosiyasi planda çox ciddi dəyişiklik vəd edir. NATO-ya üzv olduğu, Avropa Birliyinə üzvlük məsələsinin gündəmdə olduğu bir dövrdə atılan bu addımların nə dərəcədə məqsədəuyğun olması sual altındadır. Çünki bu addım Ankaranın Qərblə münasibətlərinə mənfi təsir edəcək. Türkiyə çətin proqnozlaşdırıla bilən bir presedent yaratmaq istəyir. Bu presedent gələcəkdə Azərbaycan üçün də müəyyən təlqin vasitəsinə çevrilə bilər”.
Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına üzv etmək üçün çoxdan çalışdığını deyən politoloq hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri çərçivəsində bütün bu məsələlər müzakirə ediləcək:
“Azərbaycanın Avrasiya İttifaqına girməsinə çalışan Rusiya bu yolda bütün metodlardan istifadə edir. Ancaq Azərbaycan öz suverenliyinə və yaxud Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə əngəl törədə biləcək fəaliyyətlərdən ustalıqla yayınır. Ölkəmizin Dağlıq Qarabağ problemi çözülmədən hansısa birliklərə üzv olmaq kimi bir arzusu yoxdur. Bu sahədə Prezident İlham Əliyevin uzaqgörən siyasəti diqqətdən yayınmır. Azərbaycanın maraqları, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından bu məsələlərə münasibətdə Bakının öz taktikası var və buna uyğun olaraq da hərəkət edəcək. Türkiyə prezidentinin gözlənilən Bakı səfəri zamanı yəqin ki, həmin məsələlərin hər biri müzakirə ediləcək. Azərbaycan öz maraqlarına uyğun olmayan istənilən addımın qarşısını almağa hazırdır”.
Qeyd edək ki, Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi ölkəsinin Avrasiya İttifaqı ilə gömrük razılaşması imzalamaq niyyətində olduğunu açıqlayıb. O, Türkiyənin bununla Avropa Birliyi ilə olan gömrük razılaşmasını pozmaq istəmədiyini də qeyd edib.
Erməni mətbuatı isə Türkiyənin Avrasiya İttifaqı ilə gömrük razılaşması imzalayacağı təqdirdə İrəvana Ankaranı sərhədləri qeyd-şərtsiz açmağa vadar etmək üçün bir şans yaranacağını iddia edir.