Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Avropa öz “cihadçılarıyla” nə edəcəyini bilmir

Oktyabr 07
15:52 2014

“Sələf Xəbər” www.slon.ru saytına istinadən Avropada cihadçıların necə qarşılandığı barədə məlumatları təqdim edir.

Hələ Suriyadakı vətəndaş müharibəsi İraqa yoluxmamış və İslam Dövləti kimi bədheybət yaranmamışdan çox əvvəl aydın idi ki, bu münaqişələr bəşəriyyətə tamamilə yeni bir “töhfə” – döyüş təcrübəsi və Avropa vətəndaşlığına malik cihadçıları verəcək. Əvvəllər də beynəlxalq terrorcular kifayət qədər idi və onlar Əfqanıstan, Misir, Bosniya, Sudan atəş açmağa ehtiyac olan bütün ölkələrə axışırdılar. Lakin, bütün bunlar üçüncü dünya ölkələrində baş verirdi. Suriyada isə ilk dəfə olaraq aşkarlandı ki, “cihada” təkcə Səudiyyə Ərəbistanından və ya Əlcəzairdən yox, Qərbi Avropadan da minlərlə insan gəlir.

Məlum məsələ idi ki, yeni vərdişlərə və döyüş təcrübəsinə yiyələnmiş bu gənclər tez və ya gec öz tarixi vətənlərinə yox, Avropadakı vətənlərinə qayıdacaqlar. Qərbi Avropa üçün isə bu qayıdış heç də yaxşı vədlər vermir. İndi həmin məqam yetişib, ilk döyüşçülər geri qayıdır və Qərbi Avropa ölkələrinin hökumətləri döyüş təcrübəsi keçmiş vətəndaşları ilə necə rəftar edəcəklərini bilmirlər.

Avropa interbriqadaları

Suriya və İraqda vuruşan Qərbi Avropa vətəndaşlarının sayı təqribən 2000-dir. Bu say nəinki terror aktları üçün, hətta tammiqyaslı hərbi əməliyyatlar üçün kifayətdir. Cihadçılar daha çox Fransa və Böyük Britaniyadandır, lakin təmərküzləşməyə görə Benilüks və Skandinaviyanın kiçik dövlətləri liderlik edir. 5 milyonluq əhalisi olan Danimarkadan Suriya və İraqa 100-dən çox insan gedib.

Avropa hökumətləri uzun müddət bu problemə xüsusi diqqət yetirmirdilər, əksinə suriyalı müxalifləri daha çox silahla təchiz etməklə məşğul idilər. Cihadçılara qarşı təhlükəsizlik tədbirləri, radikal təbliğatın getdiyi və avropalı müsəlmanların könüllü olaraq döyüşməyə yollayan saytları və sosial şəbəkə səhifələrini bağlamaq, onların məlumat bazasını müsadirə etmək barədə söhbətlərlə məhdudlaşırdı. Bəzi Aİ ölkələri öz vətəndaşlarına Suriya və İraqa getməyə müvəqqəti qadağa qoydular, lakin açıq Şengen sərhədləri şəraitində, xüsusilə Avropa ölkələri pasportuna malik insanlara qarşı bunu həyata keçirmək heç də asan deyildi. Daha çətini isə, avropalı vətəndaşlardan hansının qohumlarına baş çəkməkdən yox, məhz döyüşdən qayıtdığını nəzarət etmək idi.

Avropalı döyüşçülərin səbəb olduğu təhlükə barədə yalnız ölkəsinə qayıtmış bir vətəndaşın qətl törətdikdən sonra söhbət getməyə başladı. May ayının sonlarında Fransa vətəndaşı Mehdi Nəmmuş Brüsseldə yəhudi muzeyinin yaxınlığında 4 nəfəri qətlə yetirdi. İstintaq zamanı məlum olub ki, o bu yaxınlarda Suriyadan qayıdıb. Onun evində isə “İraq və Şam İslam Dövləti” terror qruplaşmasının rəmzini tapıblar. Daha sonra kamera qarşısında amerikalı jurnalistin başını kəsən şəxsin qəfildən London ləhcəsi ilə danışmağa başladı. O zaman Avropa cəmiyyəti narahat olmağa başladı, hökumətlər isə başa düşdü ki, Yaxın Şərqdən radikalların qayıdışı artıq başlayıb və bu insanlarla mütləq nə isə etmək lazımdır.

Cihadçı Heminquey

Amma ne etmək lazım olduğu heç kimə məlum deyil. Çünki, “cihadda iştirak” sözü nə qədər dəhşətli səslənsə də, Avropa qanunvericiliyində cinayət hesab edilmir. Mahiyyət etibarilə söhbət sadəcə Suriyaya və İraqa getmiş və orada müəyyən vaxt keçirmiş Avropa vətəndaşlarından gedir. Onların orada nə işlə məşğul olduğu məlum deyil. Bəlkə haranısa partladıb, kimisə qətlə yetirib, işgəncə verib, şikəst edib, etnik və dini soyqırımları həyata keçiriblər. Bəlkə də sadəcə üsyançılar üçün yemək bişiriblər, onların yaralarını sarıyıblar və ya könüllü şəkildə yerli döyüşçülərlə əməkdaşlıq ediblər.

Terrorçu təşkilatlarla əməkdaşlıq etmək əlbəttə ki, cinayətdir, lakin Avropanın gözündə heç də bütün Suriya və İraq üsyançıları terrorçu deyil. “İslam dövləti” qruplaşması isə – bəli, onlar terrorçudurlar. Lakin orada digər millətlərin nümayəndələri də var. Hələ dünənə qədər avropalılar onları Əsəd diktaturasına qarşı azadlıq və demokratiya uğrunda vuruşanlar adlandırırdı. Avropa hökumətləri özləri bu qruplaşmaları silahla təchiz edirdilər, indi isə öz vətəndaşlarını bu “xeyirxah” insanlarla əməkdaşlıq elədiklərinə görə mühakimə edəcəklər? Axı belə olmaz.

Biz islamçılığı humanizm əleyhinə yönəlmiş terrorçu ideologiya kimi qəbul edirik, kənardan baxdıqda isə, islamçılıq kommunizm və ya milliyyətçiliyin ifrat formasından nə ilə fərqlənir ki? İnsanlar özlərinə etnik və ya dini cəhətdən yaxın olan ölkələrə azadlıq və demokratiya uğrunda mübarizə aparmağa gediblər – bu öz-özlüyündə cinayətdir ki? Onda belə çıxır ki, ispaniyalılarla birlikdə interbriqadalarda vuruşan Heminqueyi də qayıdan kimi həbs eləməli idilər? Bəs ideoloji mülahizələrdən irəli gələrək Latın Amerikasına xuntalarla vuruşmağa kömək etməyə gedən könüllüləri də həbs eləmək lazım idi?

Bu vəziyyətdə ağlımıza nə fikir gəlirsə gəlsin, Avropa ədalət məhkəməsi bu suallara müsbət cavab verə bilməz. Avropa İttifaqı yalnız 2002-ci ildə Kolumbiyada qurulmuş FARC solçu döyüşçülərini terror təşkilatları siyahısına daxil etməyə razılıq verib. Onlar minlərlə insanı qətl edib, terror aktı, qarət törədib, insan oğurluğu, narkotik maddələr ticarəti ilə məşğul olublar. Avropalılar isə, kollektivləşmə kimi xeyirxah məqsədlər uğrunda vuruşan bu insanları terrorçu qruplaşmaların siyahısına salmağa tərəddüd edirdilər. FARC-ın sıralarında bu günə qədər avropalı könüllülər vuruşur və çox güman ki, onlar vətənə qayıtmaq istəsələr, onlarla çox da ciddi rəftar etməyəcəklər.

Sudandan da təhlükəli

Əgər avropalılar Kolumbiyada FARC-ın sıralarında vuruşa bilərsə, bəs Suriyanın hansısa azadlıq ordusunda niyə vuruşmaq olmaz? Avropa dövlətləri bu suala qaneedici cavab tapa bilməyiblər. Bu səbəbdən belə qərara gəliblər ki, Suriyada da vuruşmaq olar, vətənə qayıtmış cihadçıları isə yalnız müstəsna hallarda həbs etmək olar. Hətta Avropa ölkələri arasında ən çox narahatçılıq keçirən və sağlam düşüncə tərzi səviyyəsinə görə digərlərindən fərqlənən Böyük Britaniyada polis Suriya və İraqdan qayıtmış təqribən 250 cihadçıdan cəmi 40 nəfəri həbs edib.

Baş Nazir Devid Kameron qəti tədbirlərin görüləcəyini vəd edir, lakin bu tədbirlər aviaşirkətlərin xüsusi xidmət orqanlarına sərnişinlərin siyahısını onlara təqdim etməyi tapşırmaqla məhdudlaşıb. Polis isə sərhədi keçə bilməsinlər deyə cihadda iştirak etmək istəməkdə şübhəli bilinən şəxslərin pasportlarını müsadirə etmək hüququ əldə edib.

Digər Avropa ölkələrinin fonunda Britaniyanın fəallığı qətiyyət və sərtlik nümunəsidir. Məsələn, Danimarkada hökumət vətənə qayıtmış döyüşçüləri ümumiyyətlə təqib etmir, əksinə onlara hərtərəfli dəstək göstərir. Ümumiyyətlə Danimarka öz səxavətli sosial sisteminə, inteqrasiya və yüksək dərəcədə dözümlülüyünə baxmayaraq, din uğrunda vuruşanların sayına görə Avropa çempionlarından biridir: əhalisi 5 milyon olan ölkədən Suriya və İraqa 100 nəfərdən çox insan gedib. 65 milyonluq Böyük Britaniyadan döyüşə gedənlərin sayı isə cəmi 500 nəfərdir. Lakin danimarkalılar qərara gəliblər ki, belə acınacaqlı statistika vərdiş etdikləri qaydaları yenidən nəzərdən keçirmək üçün səbəb deyil və radikallıqla maddi vəsaitlər vasitəsilə mübarizə aparmağa davam edirlər.

Vətənə qayıtmış danimarkalı döyüşçüləri müalicə edilir, psixoloji cəhətdən reabilitasiya keçir, onlara iş tapmağa və ya təhsil almağa kömək edilir və bütün bunlar dövlət hesabına edilir. Radikalların Danimarkada qalmış qohumlarına isə hökumət Suriyaya getmiş döyüşçülərlə əlaqə saxlamağa kömək edir. Kifayət qədər döyüşdüyünə qərar verənlər isə, dövlət hesabına alınmış biletlərlə vətənə qayıda bilərlər. Ən yaxşısı isə odur ki, bütün bunlarla məşğul olan sosial xidmət orqanları polis və xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmir. Çünki bu, vətənə qayıtmış döyüşçünün etibarının qırılmasına səbəb ola bilər.

Nəticə etibarilə belə çıxır ki, aylarla, bəlkə də illərlə hərbi əməliyyatlarda iştirak etmiş, insanları öldürmüş, talançılıq etmiş, terror aktları törətmiş və bəlkə də etnik və dini soyqırımları etmiş danimarkalı terrorçular nəinki cəzasız qalır, hətta Danimarka hökuməti tərəfindən mükafatlandırılır – pulsuz geri bilet, müalicə və təhsil əldə edirlər. Yəni, Danimarkada terrorçu olmaq sərfəlidir: terrorçunun təhlükəsizliyinə zəmanət verilir və onlar vətənə qayıtdıqda bir sıra sosial xidmətlərdən yararlanır. Bu fəaliyyətlərinə görə danimarkalıların beynəlxalq terrorçuluğun sponsorları olan ölkələr siyahısına niyə salınmadığı anlaşılmaz olaraq qalır.

Digər xəbərlər