Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Avropada müsəlmanlar Cümə namazını polis nəzarətində qılıb

Noyabr 21
17:53 2015

Polis nəzarəti təhlükəsizliyi təmin etmək məqsədi daşısa da, bundan narahat olanlar var.

Fransanın paytaxtı Parisdə müsəlmanlar Cümə namazına qatılıblar. Ötən cümədən fərqli olaraq bu dəfə müsəlmanlar təhlükəsizlik yoxlamalarından keçdikdən sonra məscidlərə daxil ola biliblər.

“Sələf Xəbər” Anspress-ə istinadən məlumat verir ki, məscidlərdə polis nəzarəti insanların təhlükəsizliyini təmin etmək məqsədi daşısa da, bundan narahat olanlar da az deyil.

Belçikada da Cümə namazı öz axarında keçib. Müsəlmanlar radikalizm və zorakılığa qarşı çıxışlar ediblər. “Əl Xəlil” məscidinin direktoru Məhəmməd Larussi Avropa müsəlmanlarını terroru lənətləməyə çağırıb:

“Düşünürəm ki, Avropada müsəlmanların əksəriyyəti bu cür davranışları tənqid edir, özlərini bu cür radikal düşüncə tərəfdarı kimi görmürlər. Onlar terroru sərt şəkildə tənqid etməli və gündəlik həyatda da bunu göstərməli və bu insanların sülh şəraitində yaşayışında da öz əksini tapmalıdır”.

Ötən həftə noyabrın 13-də Paristə törədilən terror aktlarında ölənlərin sayı 130-a çatdı. Həmin hücumlarda xəsarət alanlardan biri bu gecə xəstəxanada keçinib. Bu barədə ölkənin baş naziri Manuel Valls məlumat verib. Bu terror aktlarında 350 nəfər yaralanıb. Terror aktından sonra Fransa senatı ölkədə 3 ay müddətində fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət Fransa polisinə şübhəli insanları həbs etməyə, günün müəyyən vaxtlarında və müəyyən yerlərdə insanların və avtomobillərin hərəkətinə qadağa qoymağa imkan verir.

Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?

Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.

Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)

Digər xəbərlər