“Aya Sofya”da 72 illik fasilədən sonra Quran oxundu – Yunanıstan isə etiraz etdi
918 dəfə baxılıb
Yunanıstanın Xarici İşlər nazirliyi Türkiyə hökümətinin İstanbulda Aya Sofya məscidində müqəddəs Ramazan ayında Quranın oxudulması qərarını qınayıb. Bu haqda məlumatı “oxu.az” xarici mənbələrə istinadən bildirib.
“Biz Türkiyə hökümətinin İstanbulda Aya Sofya məscidində Ramazan ayında Quranın oxudulması ilə bağlı qərarını qətiyyən pisləyirik. Dünya irs mədəniyyətinin tarixi abidəsində fanatizmlə dolu müsəlman ayinlərinin keçirilməsi anlaşılmazdır, hörmətsizlikdir və reallıq ilə əlaqəsi yoxdur. Bu cür hərəkətlər müasir, demokratik, dünyəvi cəmiyyətlərə uyğun deyil”, – Yunanıstan XİN-in bəyanatında deyilir.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bir neçə gün əvvəl Ramazan ayında Aya Sofya məscidində hər gün Quranın oxunulacağını bəyan edib.
İyunun 6-da 1934-cü ildən bəri ilk dəfə “Aya Sofya”da Qurandan surələr oxunub.
Bu tədbir Yunanıstanda sərt reaksiyaya səbəb olub. Bəzi KİV-lər “rəsmi Ankarının bu qərarını” təxribat kimi qiymətləndiriblər.
Sələf Xəbər: Qeyd etmək lazımdır ki, Quran Uca Allah tərəfindən muzeylərdə sərgilənmək və insanların onun xarici görünüşündən feyzyab olmaları üçün göndərilməyib. Quran – hər bir yaxşılığı əmr edən və hər bir pisliyi qadağan edən hökmlər kitabıdır. Uca Allah onu insanların oxuması, mənasını dərk etməsi və ehkamlarına müvafiq olaraq əməl etməsi üçün nazil edib. Buna dəlil Uca Allahın aşağıdakı kəlamlarıdır: “Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir” (Müqəddəs Quran, Hədid surəsi, 9-cu ayə).
20-ci yüzilliyin məşhur islam alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin) Müqəddəs Quranın oxumaqdan başqa məqsədlərlə, məsələn divarda bəzək şəklində asılması və s. kimi istifadəsi barədə soruşublar. Buna şeyx cavab verib: “Biz Quranı layiqli şəkildə oxumalı, onun ehkamlarına riayət etməli, onun şanını uca tutmalı, hörmət etməli və təhqirlərdən və ona qarşı qeyri-düzgün münasibətdən qorumalıyıq, çünki Quran – Allahın, özündə yalnız həqiqəti əks etdirən kitabıdır və onda bir yalan da yoxdur. Biz ixtilafa düşdükdə onun ehkamlarına əsasən əməl etməli və hökm verməliyik. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və (Onun) Elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır” (Müqəddəs Quran, “Nisa” surəsi, 59-cu ayə). Daha sonra şeyx deyir: “Əməlisaleh sələflərimizdən hər hansı birinin Qurandan çıxarışları lövhələrdə yazaraq və ya çərçivəyə salaraq daha sonra divardan asması barədə bizə məlum deyil. Əksinə, Quran onların ürəyinə yazılmışdı və onlar ona tamamilə riayət edir, oxuyur, əzbərləyir və onu digərlərinə öyrədirdilər. Qurandan çıxarışları lövhələrə yazmaq, çərçivəyə salmaq və s.-yə gəldikdə isə, əməlisaleh sələflərimizin bunu etdiyi barədə bizə məlum deyil. Və bu cür əməllərdə fayda yoxdur. Əksinə, belə halda Quranın təhqirə məruz qalması və layiqli şəkildə qorunmaması ehtimalı var”.