Bakı bu addımla Rusiyaya mesaj verdi – İslam NATO-su
1. 205 dəfə baxılıb
Trampın Səudiyyə Ərəbistanına səfəri əsnasında Ər-Riyad bir növ müsəlman dünyası ilə Amerikanın görüşünü təşkil etdi.
Selefxeber.az xəbər verir ki, bu sözləri “Axar.az”a ABŞ Prezidenti Donald Trampın Səudiyyəyə səfəri, Ərəb-İslam-Amerika Sammiti və Azərbaycanın bu tədbirdə iştirakını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, sammitdə hər hansı bir sənəd imzalanmasa da, müsəlman sivilizasiyasının terrorla heç bir əlaqəsinin olmamasına dair bəyanat xüsusi əhəmiyyətə malik idi:
“Sammit dünyada təhlükəsizlik məsələləri baxımından çox əhəmiyyətli idi. Azərbaycanın tədbirə dəvət edilməsi də böyük önəm daşıyır, o baxımdan ölkə başçısının sammitdə iştirakı müsbət addım hesab edilə bilər. Çünki siyasi ittifaq şəklində də olsa, müsəlman ölkələrinin formalaşmaqda olan birliyinin tərkibinə qatılmaq Azərbaycan üçün mühümdür. Bu siyasi birlik gələcəkdə hərbi-siyasi birliyə çevrilə bilər. Söhbət “İslam NATO-su”ndan gedir ki, bu ideya da birbaşa Səudiyyəyə məxsusdur. Ər-Riyad sadəcə olaraq Trampın gəlişindən istifadə edərək müsəlman dünyasının birliyini xristian dünyasına nümayiş etdirdi. Azərbaycan tərəfi orada çox isti qarşılandı. Əgər “İslam NATO-su” məzhəb güdmədən reallaşarsa, rəsmi Bakı bu birlikdə yer ala bilər. Güman edirəm ki, bu, müharibə vəziyyətində olan Azərbaycanın mövqelərini, xüsusilə də arxasında duran qüvvələrin sayını xeyli artıracaq. Azərbaycan bu məsələdə ən yaxın müttəfiqləri – Türkiyə və Pakistanın hərəkətlərinə ciddi diqqət yetirəcək”.
Politoloq İranın sammitə dəvət olunmaması ilə məzhəb ayrılığına fərq qoyulduğunu düşünmür:
“İranın bu tədbirdə yer almaması Səudiyyə və ABŞ-la münasibətlərin kəskin olmasından qaynaqlanır. Tehranın iştirakından asılı olmayaraq, zənnimcə, bu məsələ üzərində fəaliyyət aparılacaq. Birmənalı fikir söyləmək çətin olsa da, hər halda, bu ideyanın ortaya atılması müsbət faktordur və müəyyən nəticələr verə bilər. Ona görə də Azərbaycanın sammitə qatılması müsbət addımdır”.
Q.Hüseynlinin fikrincə, Bakının bu gedişi əslində, Rusiyaya bir mesaj da sayıla bilər:
“Çünki Moskva son zamanlar Bakıya zərər verən addımlar atır. ÜAK-ın qeydiyyatının ləğvi, Ermənistana ard-arda hərbi ləvazimat göndərilməsi bunun bariz nümunəsidir. Azərbaycan sammitə qatılmaqla nümayiş etdirdi ki, seçim imkanları genişdir və rəsmi Bakı siyasi istiqamətini, gedişlərini dəyişə bilər.
Bu nöqteyi-nəzərdən İranla münasibətlərimizin də kəskinləşməsinin tərəfdarı deyilik. Onsuz da bu yaxınlarda İran, Azərbaycan və Rusiya üçtərəfli görüşü keçiriləcək. Hazırda bütün dünyanın diqqəti “İslam NATO-su” ətrafında aparılan müzakirələrdədir. İdeya uğurla başa çatdırılarsa, dünyada hərbi və siyasi qüvvələr nisbətini xeyli dəyişə və özünəməxus bir balans yarada bilər”.