BBC kanalı Apple şirkətini günahlandırıb
824 dəfə baxılıb
BBC kanalı Apple şirkətini insan əməyinin istismarında günahlandırıb.
“Sələf Xəbər” www.businessinsider.com saytına istinadən xəbər verir ki, BBC kanalında yayınlanan “Panorma” şousu zamanı Apple şirkəti haqqında mənfi iddialar irəli sürülən sənədli film nümayiş etdirilib. İddialara əsasən, Apple şirkəti iPhone telefonlarının istehsalı zamanı istifadə etdiyi qalayı İndoneziyada uşaqların çalışdığı palçıq çuxurlarından əldə edir. Bu palçıq çuxurlarında tez-tez baş verən sürüşmələr insanların həlakına səbəb olur.
Digər bir iddia isə, Çində yerləşən iPhone fabriklərində iş rejiminin həddən artıq ağır olmasıdır. İddialara əsasən, iş rejimi o qədər ağırdır ki, işçilər elə iş yerindəcə yatıb qalırlar. Apple şirkəti BBC kanalına bu iddiaları araşdıracağını bildirib. Sənədli filmdə, həmçinin, qalay əldə etmək üçün torpaqqazan maşınların köməyi ilə dəniz yatağından qum, mərcan riflərinin qazıldığı, toxunulmaz okeanın və mərcan riflərinin palçıq dənizinə çevrildiyi nümayiş etdirilir. Proqramda iştirak edən alimlər qoparılan mərcan riflərinin yerində yenilərinin əmələ gəlmədiyini bildirib.
BBC kanalı eyni zamanda aşağıdakı məlumatları üzə çıxarıb:
Fabrikdə işçilər üçün ayrılmış hər yataq otağında 8 nəfərin yatması nəzərdə tutulduğu halda, 12 nəfər yatır.
Fabrik menecerləri işçilərə qarşı zorakılıq nümayiş etdirir.
İşçilərin hamısı 12 saatlıq növbə ilə çalışdığı üçün ayaqüstə yuxulayır.
İşçilər yorğunluqdan, hətta, yemək yeyə bilmir.
Bir işçi şikayət edərək bildirir ki, iPhone düzəltməkdən o qədər yorulub, günün sonunda hamam otağına çatmamış yuxu onu basır.
BBC kanalının nümayəndələri Apple şirkətinin “yüksək vəzifəli şəxsləri” ilə görüş təyin edərək şirkətin Kaliforniya ştatının Kupertino şəhərində yerləşən mənzil-qərargahına yollanıblar. Lakin kanal nümayəndələri ora çatdıqda Apple şirkətinin nümayəndələri onların danışıqlarının qeydə alınmasından imtina edib.